Qadın fəlsəfə doktorları kişiləri üç dəfədən çox üstələyir

 

2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi verilmiş kişi və qadın iddiaçıların sayı açıqlanıb.

AAK-dan bildirilib ki, ötən il 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Onlardan 126-sı kişi, 400-ü qadındır.

Alimlik dərəcəsi alanların tədqiqat sahələri üzrə bölgüsü də maraq doğurur.

2023-cü il ərzində fəlsəfə doktoru elmi dərəcəsi alanların 30 faizi filologiya sahəsi üzrə dissertasiya müdafiə ediblər: 156 nəfər (o cümlədən 143 qadın, 13 kişi).

İkinci yerdə texnika elmləri üzrə fəlsəfə doktoru olanlardır: 61 nəfər (32 qadın, 29 kişi).

Üçüncü sırada iqtisad elmləridir. Bu sahə üzrə dissertasiya müdafiə edənlərdən 44 nəfər (23 kişi, 21 qadın) 2023-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

İlk beşliyə həmçinin tibb elmləri (43 fəlsəfə doktoru: 32 qadın, 11 kişi) və biologiya elmləri (37 fəlsəfə doktoru: 35 qadın, 2 kişi) daxildir.

Kimya üzrə 30 (26 qadın, 4 kişi), sənətşünaslıq üzrə 23 (20 qadın, 3 kişi), tarix üzrə 22 (11 qadın, 11 kişi), pedaqogika üzrə 20 (18 qadın, 2 kişi) nəfər ötən il fəlsəfə doktoru olub.

Ümumilikdə AAK-ın məlumatında fəlsəfə doktoru elmi dərəcəsi üzrə sahələrin sayı 25-dir. Ötən il ən az fəlsəfə doktoru elmi dərəcəsi sosiologiya sahəsi üzrə verilib: 2 nəfər (hər ikisi qadın).

4 sahə – mexanika, astronomiya, antropologiya, memarlıq üzrə 2023-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb.

AAK-ın məlumatında o da qeyd edilir ki, fəlsəfə doktoru elmi dərəcəsi alanlardan 135 nəfər 35 yaşadək, 308 nəfər 35-50 yaş arasındadır, 83 nəfərin isə yaşı 50-dən çoxdur.