AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Şərur folklor örnəkləri” kitabının II cildi nəşr olunub.
Bu barədə institutdan bildirilib. Kitabdakı folklor nümunələri bir söyləyicidən – Folklor İnstitutunun elmi işçisi əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndindən olan Südabə Həsənovadan toplanıb. Südabə Həsənovanın söylədiyi bütün folklor örnəkləri onun uşaq vaxtı öz ailəsinin yaşlı üzvlərindən eşitdikləri, Şərurun tarixi kəndlərindən biri olan Havuşda gördükləridir. Topluda müxtəlif lirik və epik folklor nümunələri, etnoqrafik mətnlər və Havuş kəndinə aid toponimlər təqdim olunub.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın layihə rəhbəri akademik Muxtar İmanov, toplayıb tərtib edən və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru dosent Ləman Vaqifqızı (Süleymanova), elmi redaktoru filologiya elmləri doktoru professor Əfzələddin Əsgərdir.