Olaylar, faktlar (17–19 yanvar)
153 il əvvəl...
18 yanvar 1871-ci ildə Prussiya kansleri (baş nazir) Otto Bismarkın səyləri ilə alman torpaqlarının birləşdirilməsi başa çatıb. Prussiya ətrafında birləşən Almaniya imperiyasının yarandığı elan edilib. Prussiya kralı I Vilhelm birləşmiş Almaniyanın imperatoru, Bismark isə imperiyanın kansleri olub.
109 il əvvəl...
17 yanvar 1915-ci ildə Birinci Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində Türkiyə (Osmanlı) qoşunlarını məğlub edən Rusiya qoşunları İrana (Cənubi Azərbaycana) keçərək Təbrizə yaxınlaşıblar. Üç gündən sonra, yanvarın 20-də Təbriz şəhəri rus qoşunları tərəfindən işğal olundu.
78 il əvvəl...
18 yanvar 1946-cı ildə Londonda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1-ci sessiyası işə başlayıb. BMT-nin ali qurumu üç il Londonda fəaliyyət göstərmişdi. 1949-cu ildə BMT Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkdakı indiki binasına köçdü.
43 il əvvəl...
19 yanvar 1981-ci ildə Tehranda girov saxlanılan amerikalıların azad olunması barədə İran və ABŞ arasında razılaşma imzalanıb. 1981-ci il yanvarın 20-də, Prezident Ronald Reyqanın inauqurasiya günü Tehranda saxlanılan amerikalılar 14 aylıq girovluqdan sonra azad ediliblər. 1979-cu il noyabrın 4-də İranın “İslam inqilab qvardiyası”nın üzvləri (əsasən tələbələr) ABŞ-nin Tehrandakı Səfirliyinə hücum edərək 53 diplomatı girov götürmüşdülər.
34 il əvvəl...
18 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1920-ci illərdə bolşeviklər tərəfindən Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi Ermənistan ərazisində qalmış anklav vəziyyətində idi.
31 il əvvəl...
19 yanvar 1993-cü ildə Azərbaycan Parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Cümhuriyyət dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə təsdiq edildi. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycanın Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.
Hazırladı: V.Orxan