Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı – 2024”ün açılış mərasimi keçirilib.

Mərasimdə “Quba – İdman paytaxtı – 2024”ün maskotu “Fuji” təqdim edilib.

Rayonun icra başçısı İlqar Mahmudov və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.

Sonra nazir “idman paytaxtı”nın rəmzi açarını icra başçısına təhvil verib.

Azərbaycanın tanınmış basketbolçusu Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, dünya çempionu Vüqar Kərəmov hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin qərarları ilə 2024-cü ildə Quba ölkəmizin “İdman paytaxtı”, Lənkəran şəhəri isə “Gənclər paytaxtı” elan edilib.

2025-ci ildə bu nominasiyalarda onları müvafiq olaraq Lənkəran və Sumqayıt şəhərləri əvəz edəcək.

Xatırladaq ki, əsrarəngiz təbiəti, zəngin tarixi-mədəni irsi olan Quba konkret sahə üzrə “paytaxt” adını ilk dəfə daşımır. Hələ 2010-cu ildə bu bölgəmiz Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı üzrə “Sənətkarlıq paytaxtı” elan edilmişdi.