Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” poemasının təqdimatı keçirilib.
MKS-nin direktoru Lətifə Məmmədova qeyd edib ki, S.Xəlilqızının poeması Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə ithaf olunub. Diqqətə çatdırılıb ki, müəllifin yaradıcılığının əsas mövzusunu vətənpərvərlik, Qarabağ hadisələri, şəhidlər təşkil edir.
Təqdimatda Vətən müharibəsi şəhidi polkovnik Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova, şəhid qardaşlar Bəhram və İman Məmmədzadələrin atası Elman Məmmədov, şəhid Əmirulla Əliyevin atası Vahid Əliyev, Xüsusi Təyinatlı Qüvvələrin polkovniki Murad Beydiyev, Xüsusi Təyinatlı Qüvvələrdə döyüşmüş zabit, qazi Polad Rzayev və başqaları çıxış ediblər.
Tədbirin bədii hissəsində “Mehriban” mahnı və rəqs kollektivi (rəqs üzrə bədii rəhbər Səbinə Nəcəfova, vokal üzrə bədii rəhbər Esmiralda Hüseynova) üzvlərinin, Azərbaycan Milli Konservatoriyasının məzunu İslam Qasımov və R.Behbudov adına Dövlət Mahnı Teatrının solisti Günay Məmmədovanın ifasında şeir və mahnılar səslənib.