Rumıniyanın Milli Mədəniyyət Günü münasibətilə mərasim

 

Paytaxtın Binəqədi rayonu ərazisində məşhur rumın bəstəkarı, skripkaçı, dirijor Corce Eneskunun (1881–1955) adını daşıyan parkda (8-ci mikrorayon, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsi) Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bəstəkarın abidəsi önünə gül-çiçək dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib.

İcra başçısının müavini Sevinc Süleymanova iki ölkə arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri, müxtəlif sahələrdə sıx əməkdaşlıq və ildən-ilə genişlənən ikitərəfli əlaqələr barədə danışıb.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında iki ölkə arasında sosial, iqtisadi və mədəni əlaqələrin, dostluq münasibətlərinin daim inkişaf etməsinin əhəmiyyətini vurğulayıb.

Mərasimdə iştirak edən Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko da ölkələr arasındakı dostluq və əməkdaşlığın inkişafında mədəni irsin önəmini vurğulayıb.