Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlığı çərçivəsində 27-ci Ali səviyyəli toplantısını keçirib.

Mərkəzdən bildirilib ki, Cenevrədə “Çoxtərəfliliyin gələcəyi: gələcəyin beynəlxalq əməkdaşlıq üçün yeni qlobal nizama ehtiyacı” mövzusunda keçirilmiş toplantıda sağlamlıq, sülh və təhlükəsizlik, süni intellekt, multilateralizm və bir çox digər məsələlər müzakirə olunub.

30-dan çox ölkədən 20 sabiq dövlət və hökumət başçısının, 70-dən çox digər ali səviyyəli qonağın qatıldığı tədbirin açılışında mərkəzin həmsədrləri Vayra Vike-Frayberqa, İsmayıl Serageldin, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, Finlandiyanın və Serbiyanın sabiq prezidentləri Tarya Halonen və Boris Tadiç çıxış ediblər.

Tədbir çərçivəsində həmçinin bu il keçirilməsi nəzərdə tutulan XI Qlobal Bakı Forumuna və paytaxtımızın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.

Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Forumda dünya gündəminin aktual mövzuları müzakirə olunur.

2022-ci ildə keçirilən IX Qlobal Bakı Forumu “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuşdu. Ötən il keçirilən forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” idi.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının illik sessiyalarına gəlincə, 28-ci sessiya – COP28 ötən ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdi. Bu il estafeti Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin də dəstəyi ilə Azərbaycan paytaxtı təhvil alıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd edildiyi kimi, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şairin doğma yurdunun otuz il yağı tapdağında qalmış torpaqlarının dirçəlişinə, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına da töhfə vermək istəyir. Mərkəzin təşkilatçılığı ilə 2023-cü ildə Şuşada keçirilən “Yenidənqurma, sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbirə bir sıra ölkələrdən 30-dan çox nümayəndə qatılmışdı.