Yanvarın 15-dən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başlanıb. Seçki prosesinin bu mərhələsi 6 fevral saat 8:00-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 15-də keçirilən iclasında növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatmanın keçirilməsi, nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi məsələsinə baxılıb.

İctimai TV və radioya həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. Hüququ olan subyektlər tərəfindən həmin vaxtın 3 saatı televiziyada, 3 saatı isə radioda dəyirmi masa formatına uyğun istifadə edilir.

Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 namizəd var: Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Yanvarın 16-da MSK-nın “Seçki – 2024” Media Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin məqsədi prezident seçkilərinin mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır. Mərkəzin saytı (secki-2024.az) Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.