Yanvarın 16-da Elm və Təhsil Nazirliyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşına dövlət təltifləri təqdim edilib.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltiflərinin verilməsini onlara göstərilən böyük etimad kimi dəyərləndirib. Bildirib ki, bu gün mədəniyyət və incəsənət sahələri üzrə Azərbaycan təhsilinin nailiyyətləri kifayət qədər böyükdür. Bu da həmin sahələr üzrə çalışan sənətkar, alim və müəllimlərin əməyinin nəticəsidir.
Nazir ADMİU-nun professor və müəllimlərini yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor Ceyran Mahmudova həmçinin universitet əməkdaşları onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, dövlət başçısının 2023-cü ilin 13 dekabrında imzaladığı sərəncama əsasən, ADMİU-nun 100 illiyi münasibətilə universitetin 7 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 3 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycanda təhsilin inkişafında xüsusi xidmət və peşəkarlığına görə universitetin rektoru Ceyran Mahmudovaya “Əməkdar incəsənət xadimi”, universitetin 9 müəlliminə “Əməkdar müəllim” fəxri adları verilib. Universitetin 4 əməkdaşına isə ölkədə təhsilin inkişafında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.