Yanvarın 16-da Bakıdakı Rus evində "Milad bayramı gecələri" adlı konsert keçirilib. Konsert proqramı dini və dünyəvi xarakterli solo, ansambl və xor vokal və instrumental əsərlərdən ibarət olub.

Tədbirin əvvəlində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Bakı şəhərinin Müqəddəs Arhangel Mixail kilsəsinin rəhbəri, baş keşiş Arxeyepiskop Mifodiy Əfəndiyev çıxış edərək, tədbirə toplaşanları salamlayıblar.

Layihənin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina tamaşaçılara Milad bayramı ilə bağlı kilsə və xalq ənənələri barədə məlumat verib.

Tədbirdə Birləşmiş Xor Hərəkatının Əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi altında Bakı şəhərinin Müqəddəs Arhangel Mixail kilsəsinin xoru, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Fərhad Ələkbərov və Elyar Əliyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistləri Yeganə Tapdıqova, Olqa Bağırova, Yelena Abbasova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, BMA-nın tələbəsi Amin Heydərov, konsertmeyster Larisa Zahirbəyova, eləcə də Bakı şəhərinin Müqəddəs Arhangel Mixail kilsəsinin Uşaqlar üçün Bazar günü məktəbinin yetirmələri çıxış ediblər.