Azərbaycan elminə itki üz verib. Uzun illər Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı olmuş tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradova yanvarın 16-da, 90 yaşında vəfat edib.
Firuzə Məmmədrza qızı Muradova 1934-cü il noyabrın 19-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində ali təhsil alıb. 1958-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparıb, 1974-cü ildə “Qobustan Tunc dövründə” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.
Uzun illər AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda və Qobustan Milli Tarix-Bədii Qoruğunda fəaliyyət göstərən, Azərbaycanın ilk xanım arxeoloqlarından olan Firuzə Muradova Qobustan ərazisinin Üst Paleolitdən Orta əsrlər dövrünədək aktual məsələlərini araşdırıb. Müəllifi olduğu 100-dən çox elmi əsər, o cümlədən “Qobustan Tunc dövründə”, “Qobustan petroqlifləri”, “Kiçikdaş abidələri” kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Allah rəhmət eləsin.