İndiyədək Türkiyədə bir sıra layihələr həyata keçirmişik. Fəaliyyətimiz təkcə səhnə əsərləri ilə bağlı deyil, həmçinin sərgilərin təşkili, sənədli filmlərin çəkilişi, ölkələrimiz üçün əlamətdar günlərə həsr olunan tədbirlərin təşkilini əhatə edir. Əsas məqsədimiz sənətimizlə yanaşı, tariximizin, Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş təbliğidir.
“Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri, aktrisa Kəmalə Kamal Cabbarova AZƏRTAC-a müsahibəsində deyib.
O xatırladıb ki, bu layihəyə ilk olaraq Xocalı soyqırımının tanıdılması məramı ilə başlayıblar: “Xocalı soyqırımı tarix durduqca azərbaycanlıların qanayan yarası olacaq. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi, üçrəngli Bayrağımızın tarixi torpaqlarımızda yenidən ucaldılması bu yaramıza məlhəm oldu. Lakin dünyada bu faciədən hələ də xəbərsiz olan insanlar var. Elə bu səbəbdən 2015-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanov, “Turan” teleteatrı, “Uşaqların gələcəyi naminə” İctimai Birliyinin dəstəyi ilə “Xocalı” layihəsi ilə Türkiyəyə gəldik və iki qardaş ölkə arasında mədəni körpü olan Vizyon teatrını qurduq. İstanbulda Xocalı soyqırımı ilə bağlı tamaşa səhnələşdirdik, orada yaşanan dəhşəti mədəniyyətin dili ilə göstərməyə çalışdıq. Sonra isə “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi yaradıldı”.
Bu il də yeni layihələr həyata keçirmək istədiklərini bildirən aktrisa deyib: “Bir neçə tədbir, o cümlədən sərgi, tamaşa və yaradıcılıq gecəsi keçirməyi nəzərdə tuturuq. Balaca tamaşaçılarımızı da unutmuruq. Onlar üçün “Qırmızı başlıqlı qız”, “Tıq-tıq xanım”, “Şişko”, “Davud” kimi uşaq tamaşalarını İstanbulun müxtəlif səhnələrində nümayiş etdirəcəyik”.