“Qatar Bakı stansiyasına daxil olanda özümü müharibə haqqında filmdəki biri kimi hiss etdim...”

 

Yeni tariximizin müdhiş günündən bizi 34 illik bir zaman ayırır. Ötən müddət ərzində 20 Yanvarın dünyada tanıdılması üçün çox işlər görülüb, o cümlədən sərgilər, sənədli filmlər nümayiş olunub.

Qanlı Yanvarda baş verənləri fotolentin yaddaşına köçürərək dünyaya tanıdanlardan biri də tanınmış fotojurnalist Reza Deqati olub. 1990-cı il yanvarın 20-də Sovet Ordusu tərəfindən Bakıda törədilən qətliamdan dünya Reza Deqati və komandasının çəkdiyi fotolar sayəsində də xəbərdar oldu...

Məşhur fotojurnalist sonralar xatirələrində bu qətliamdan xəbər tutan kimi Bakıya necə gəlməsi və burada gördüklərindən də söz açıb.

Bakıya xarici jurnalistlərin girişi qadağan olunmuşdu. Reza Moskva kinostudiyalarını ziyarət etmək adı altında həmkarları ilə birlikdə sovet vizası alaraq Moskvaya gəlir. Azərbaycanlı dostlarının köməyi ilə Bakıya yola düşən qatarda gizlənir, insanlarla lazımsız ünsiyyətdən çəkinərək 48 saat yol gəlir.

Qatarda ilk işi isə “Ya pa rusky ni znaya” (mən rusca danışmıram) və “Ya Azerbaijani” (mən azərbaycanlıyam) kimi dolaşıq rusca cümlələr öyrənmək idi. Rus dilini bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi.

Yanvarın 24-də dostları Reza Deqatini Bakıda qarşılayır və sovet əsgərlərinin dinc əhalini gülləbaran etməsi, uşaq, qadın, yaşlı demədən silahsız insanları qətlə yetirməsi barədə ona məlumat verirlər.

Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya müharibəsi filmindən bir səhnəyə bənzədirdi: “Qatar Bakı stansiyasına daxil olduğu zaman – axşam vaxtları komendant saatından yarım saat əvvəl biz platforma üzərində düzülmüş silahlı sovet əsgərlərini gördük. Soyuq idi, özümü İkinci Dünya müharibəsi haqqında çəkilmiş filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”.

Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində Reza öz həyatını düşünmədən fotoaparatı ilə gizli şəkildə xəstəxanalara, morqlara gedərək çəkilişlər edir.

“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik”, – deyə o xatırlayır.

Qara Yanvar şəhidlərinin dəfn yerinə – Şəhidlər xiyabanına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi. O acı günlər yaddaşında belə qalıb: “Hər şeydən əvvəl, xatırladığım yalnız qırmızı və qara idi: qırmızı qərənfillər və qara paltarlar...”.

Hərbi helikopter izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə artıq Reza bu “qırmızı və qara”dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza sonradan dostlarının köməyi ilə onları əldə edir və oradan da Parisə gedir.

Parisə çatar-çatmaz bir çox televiziya kanalları Rezanın çəkdiyi fotoşəkilləri göstərərək Bakıdakı hadisələr barədə danışdı, onlarla radiostansiya, jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı...