Yanvarın 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Azadlığa aparan yol” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova 20 Yanvarın tariximizdəki yerindən söz açıb.
Elmi-kütləvi işlər üzrə şöbənin müdiri Ümidə Hacıyeva 1990-cı il yanvarın 20-nə keçən gecə baş verən qanlı hadisələrdən, xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.
“20 Yanvar” İctimai Birliyinin üzvləri Sahib Əlizadə və Fəxrəddin Məmmədov həmin günün canlı şahidləri kimi xatirələrini bölüşüblər. O dəhşətli gecədə millətimizin axan qanının hədər getmədiyini, bugünkü müstəqilliyimizin bünövrəsinin həmin gün qoyulduğunu vurğulayıblar.
Sonra muzeyin işçiləri tərəfindən 20 Yanvarla bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Bədii hissədə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələri vətənpərvərlik mövzusunda müxtəlif musiqi nümunələri ilə çıxış ediblər.
Tədbirdə Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər.