Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov diqqətə çatdırıb ki, 2023-cü il dekabrın 30-da Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair konseptual xarakterli Baş planı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafının ümumi strategiyasıdır.
Baş plana dair məlumat xarakterli videoçarx, həmçinin sənədin üstünlükləri, ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatə edən geniş təqdimat nümayiş olunub.
Təqdimatda çıxış edən Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xəzər rayonu, Mərdəkan qəsəbə nümayəndəsi İlqar Müqbilov, memar Nəriman İmaməliyev və başqaları Baş plana dair fikir və düşüncələrini bölüşüblər.
Bildirilib ki, yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan Baş plan paytaxtımızın gələcək inkişafı üçün çox mühüm bir sənəddir. Sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək irimiqyaslı işlər, şəhərin gələcək inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və s. barədə məlumatlar öz əksini tapıb.