Milli Məclisin komitəsi Azərbaycan Hökumətini Fransa ilə iqtisadi əlaqələri dayandırmağa çağırıb

 

Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qətnamə qərəzli, birtərəfli və əsassızdır.

Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, son illərdə Fransanın siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirib, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir.

Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoyub.

BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır.

Qeyd olunur ki, Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir. Son aylar Ermənistan-Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransa tərəfini narahat edir. Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır, həmçinin Ermənistana silah-sursat satmaqla bu ölkədəki revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir.

Diqqətə çatdırılır ki, Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olub.

Bildirilir ki, qəbul etdiyi qətnamədə mədəni irslə bağlı beynəlxalq konvensiyaları xatırladan Fransa Senatı Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın həmin konvensiyaları kobudcasına pozduğunu bilə-bilə heç zaman bu ölkəni beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmayıb.

İndiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan və onların geri qayıdış hüququnun bərpasına çağırış etməyən Fransa yenə də ikili standartlar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün hər fürsətdə canfəşanlıq edir.

Bəyanatda vurğulanır ki, mədəni irsin qorunmasından dəm vuran Fransa görkəmli şairə, maarifçi və xeyriyyəçi Xurşidbanu Natəvanın Evian-le-Ben şəhərində heykəlinin təhqir olunmasının qarşısını almayıb, bu rəzaləti törədənləri hələ də tapıb cəzalandırmayıb.

O da diqqətə çatdırılır ki, Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olub. Bu, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da əksini tapıb.

Qeyd edək ki, Fransa Senatı yanvarın 17-də Azərbaycanın 2023-cü ilin sentyabr ayında Qarabağda keçirdiyi antiterror əməliyyatını pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul edib. “Ermənistan Respublikasının ərazi bütövlüyü” başlıqlı qətnamə Qarabağ ermənilərinin geri dönməsinin təmin edilməsinə, habelə separatçı liderlərin azad olunmasına çağırır.

Fransalı senatorlar hökuməti Ermənistana özünü müdafiə edə bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verməyə çağırıblar.

Fransa xarici işlər naziri Stefan Sejurne senatorlar qarşısında çıxış edərək Ermənistana strateji sahələrdəki dəstəyini davam etdirəcəyini deyib.

Qətnamə 336 səs lehinə, 1 səs əleyhinə, 2 senator bitərəf qalmaqla qəbul edilib.

Milli Məclis komitəsinin bununla bağlı bəyanatında Fransanın müstəmləkəçilik tarixi boyunca və guya müstəmləkəçilikdən artıq əl çəkəndən sonra Afrika qitəsində və dünyanın digər yerlərində törətdiyi cinayətlər sadalanır.

Bəyanatda Fransa parlamentarilərinə tövsiyə olunur ki, öncə öz ölkələrinin müstəmləkəçilik siyasəti barədə düşünsünlər və Fransa hökumətini uzun müddətdir müstəqilliyi uğrunda mübarizə aparan Kanaky (Yeni Kaledoniya) və Maohi Nuinin (Fransa Polineziyası) azadlığını təmin etməyə, Qəmər adalarının ərazi bütövlüyü ilə bağlı 50 il əvvəl götürdüyü öhdəlikləri yerinə yetirməyə çağıran qətnamələr qəbul etsinlər.

Bəyanatda Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alınaraq, Azərbaycan Respublikası Hökumətinə də müvafiq tədbirlərin görülməsi, o cümlədən Fransa ilə iqtisadi əlaqələrin dayandırılması, bütün Fransa şirkətlərinin ölkədən çıxarılması, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atılması çağırışı da yer alıb.

Xatırladaq ki, Fransa Senatı 2022-ci ilin noyabrında qəbul etdiyi digər bir qətnaməsində hökuməti Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırmışdı.