Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib. Azərbaycan Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunulub.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb.
ABŞ səfiri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Görüşdə COP29 çərçivəsində Azərbaycanla ABŞ arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq imkanlarına da toxunulub.
***
Prezident İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib.
Prezident BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Dörd il ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini vurğulayan İlham Əliyev ölkəmizin təşkilata sədrliyinin daha bir il uzadılmasına Seneqalın da dəstək verdiyini qeyd edərək buna görə bir daha minnətdarlığını ifadə edib.
İkitərəfli əməkdaşlığa toxunan dövlətimizin başçısı siyasi əlaqələrin daha da inkişaf etdirilməsi və iqtisadi-ticari sahədə imkanların araşdırılmasının zəruriliyini vurğulayıb.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd edilib, siyasi, iqtisadi, ticari, mədəni, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
Səfir Seneqalın da neft hasil edən dövlətlər sırasına qoşulduğunu və bu xüsusda Azərbaycanın təcrübəsinin ölkəsi üçün çox maraqlı olduğunu vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanın neft və enerji sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələrində Seneqaldan olan tələbələrin təhsil almaları imkanlarını da qeyd edib.
Ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini deyən Azərbaycan Prezidenti Seneqalın dövlət başçısını bu tədbirə dəvət edib.
***
Prezident İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Alie Badara Kamaranın da etimadnaməsini qəbul edib.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın yaxın günlərdə Qoşulmama Hərəkatına sədrliyinin başa çatacağını deyən dövlətimizin başçısı bundan sonra da təşkilat çərçivəsində ölkələrimizin əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.