Füzuliyə daha 30 ailə köçürülüb

 

Ötən ildən Böyük Qayıdışın əsas ünvanlarından birinə çevrilən Füzuli şəhərinə köç davam edir. Yanvarın 18-də Füzuliyə daha 30 ailə (127 nəfər) köçürülüb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonundan yola salınıb.

Füzuli şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub. Mərasimdə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Bununla Füzuli şəhərində ümumilikdə 410 ailənin (1519 nəfər) daimi məskunlaşması təmin edilib. Şəhərdə yeni inşa edilən yaşayış kompleksinə ailələrin köçürülməsi davam edəcək.