AMEA-nın Folklor İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru, dosent Sərxan Xavəri, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Səfa Qarayev və Hikmət Quliyevin birgə müəllifliyi ilə “Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə” kitabı çap olunub.
Kitabın dosent Sərxan Xavəri tərəfindən yazılan “Məkan və məna paradiqmalarında Zəngəzur folklorunun lirik kodu” adlı birinci fəslində ilk dəfə olaraq Zəngəzur folkloru xalqın tarixən məskunlaşdığı coğrafi ərazi ilə (siyasi-inzibati xəritə) onun yaratdığı mədəniyyət arasında qarşılıqlı dialektik münasibətlər kontekstində araşdırılıb. Burada xalqın lokallaşdığı coğrafi ərazi (təbii landşaft) ilə onun yaratdığı mədəniyyət arasındakı münasibətlər sosial-antropoloji mənada götürülən “məkan” və “məna” kateqoriyalarının baxış bucağında nəzərdən keçirilib.
Nəşrin “Qeyri-şüuri psixoloji reaksiyaların folklorda simvolik proyeksiyası: “Xıdır Nəbi”dən “Novruz”a, “Hal Anası”ndan “Qurd donlu qadın”a məna axtarışı (Zəngəzur və Qarabağ materialları əsasında)” adlanan ikinci fəsli dosent Səfa Qarayev tərəfindən yazılıb. Bu fəsildə psixosemantik məna axtarışı kontekstində Zəngəzur və Qarabağ ərazisindən toplanılmış folklor materialları tədqiq olunub. Sosial-antropoloji tədqiqatlarda ayrıca bir istiqamət olan psixoanalitik məna axtarışı ilə bağlı araşdırmaların nəzəri postulatları Ziqmund Freyd, Geza Roheym, Karl Abram, Otto Rank, Melanie Kleyn, Alan Dundes, Simon Brunner və başqa psixoanalitik-antropoloqların insanın metaforik və simvolik kontekstdə özünüifadəsi ilə bağlı nəzəri yanaşmalarına əsaslanır. Bu nəzəri kontekstdə Zəngəzur və Qarabağ materialları əsasında Novruz bayramı ərəfəsində icra olunan mərasimi davranışların semantikası da öyrənilib.
Tədqiqatın dosent Hikmət Quliyev tərəfindən yazılan “Folklor və metafolklor münasibətləri kontekstində məna axtarışı (Zəngəzur və Qarabağ materialları əsasında)” adlı üçüncü hissəsində isə Zəngəzur və Qarabağdan qeydə alınmış Molla Nəsrəddin lətifələri sosial-antropoloji yanaşmalar əsasında tədqiqata cəlb olunaraq folklorşünaslıq baxımından bir sıra mühüm nəticələr əldə edilib. Müəllif ilk dəfə olaraq Amerika folklorşünası Alan Dundes tərəfindən irəli sürülən “metafolklor” konsepsiyası əsasında Molla Nəsrəddin lətifələrini diqqət mərkəzinə gətirib, həm Azərbaycan folkloru, həm də Türk dünyası miqyasında mətnlərarası variantlar perspektivindən təhlillər aparıb.
Kitab Zəngəzur folklorunun müasir nəzəri-metodoloji yanaşmalar kontekstində tədqiqi, kollektiv mədəni düşüncənin metaforik-simvolik təzahürlərinin araşdırılması baxımından əhəmiyyətlə elmi mənbədir.