Yanvarın 17-də Mətbuat Şurasında “Şuşa” qəzetinin redaktoru, yazıçı-publisist və tədqiqatçı Vasif Quliyevin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid müqəddəs Şuşa, o cümlədən, Qarabağla bağlı canlı ensiklopediya funksiyasını yerinə yetirən Vasif Quliyevi sadəlik və təvazökarlıq simvolu kimi xarakterizə edən məqamlardan danışıb. Bildirilib ki, yubilyar jurnalistin müqəddəs yurd yerlərimizlə bağlı apardığı tədqiqatlar bütöv bir institutun görməli olduğu işlərdir. Şura sədri bütün bunlara görə yubilyarı böyük təltiflərə layiq şəxs kimi səciyyələndirib.
R.Məcid yubilyar qələm sahibinin işğal illərində “Şuşa” qəzetinin yaşadılmasına yönələn fəaliyyətini əsl fədakarlıq, doğma el-obaya misilsiz bağlılıq nümunəsi adlandırıb. O, Mətbuat Şurasının diplomunu Vasif Quliyevə təqdim edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elşən Əliyev təmsil olunduğu qurumun Vasif Quliyevlə yaradıcılıq əməkdaşlığı həyata keçirdiyini bildirərək yubilyarın Şuşa ilə bağlı bilgiləri əsasında broşürlərin hazırlandığını diqqətə çatdırıb. O, veteran jurnalistə komitənin təşəkkürnaməsini təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında yubilyar qələm sahibinin cəsarətli və fədakar jurnalist olduğunu deyib. Deyib ki, Vasif Quliyevin Şuşanın tarixi-mədəni irsinin qorunması və yaşadılması və təbliğindəki xidmətləri təqdirəlayiqdir.
Tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynov, tanınmış jurnalist Hikmət Sabiroğlu, şair, tərcüməçi və tənqidçi Adil Cəmil, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov və başqaları çıxış ediblər. Vasif Quliyevin jurnalist və araşdırmaçı kimi fəaliyyətini yüksək qiymətləndirən çıxışçılar ona xoş diləklərini çatdırıblar.
Sonda çıxış edən yubilyar tədbirin təşkilinə görə Mətbuat Şurasına və iştirakçılara təşəkkürünü bildirib.