Yanvarın 19-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən bölmənin müdiri Lalə Salahova K.Kərimov adına 8 nömrəli tam orta məktəbin şagirdlərinə 34 il əvvəl baş vermiş yanvar hadisələri haqqında məlumat verib.

Sonra məktəblilər xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar hadisəsi haqqında kitablarla tanış olub, şeirlər və hekayələr söyləyiblər.

Eyni zamanda, Milli Kitabxananın əməkdaşları tərəfindən “20 Yanvar Ümumxalq hüzn günüdür” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə nümayiş olunan kitablar tam mətnləri ilə verilib.

Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm linkindən istifadə edə bilər.