Məlum olduğu kimi, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Xalq Cümhuriyyəti dövrü “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatının nəşri həyata keçirilir. 20 cilddə nəzərdə tutulan toplunun VIII cildi latın qrafikasında nəşr edilib. Səkkizinci cild 1919-cu ilin may ayını (170-191-ci nömrələri) əhatə edir.
Qəzetin topluya daxil edilmiş 1919-cu il 28 may tarixli nömrəsi diqqəti xüsusilə cəlb edir. Xalq Cümhuriyyətinin elan edilməsinin ildönümünə həsr edilmiş bayram nömrəsində bu tarixi hadisə münasibətilə keçiriləcək dövlət tədbirləri, mərasimləri haqqında məlumatlar yer alıb, 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi” dərc olunub. Eyni zamanda bu nömrədə bayram ovqatını ifadə edən “İstiqlaliyyət”, “Bir yaş”, “Şərəfli bayram”, “Nə böyük bayram”, “Azərbaycan istiqlalı”, “Böyük bir gün”, “Türk şüərası və istiqlal” kimi bir-birindən maraqlı yazılar çap olunub. Həmin məqalələrdə Xalq Cümhuriyyətinin elan olunmasının sevincini, bu hadisənin gətirdiyi sonsuz qürur hisslərini və eyni zamanda Cümhuriyyətin gələcəyi ilə bağlı peşəkar analiz və təhlilləri özündə əks etdirən fikirlər yer alıb.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin orqanı olan “Azərbaycan” qəzetində rast gəlinən xəbərlər o dövrün hadisələrinə dair ilkin mənbələrdir. Məsələn, VIII cilddə “Ermənistanın vüsəti” (1919-cu il, 25 may, N 187) sərlövhəli yazıda oxuyuruq: “Yer üzündə cümlətanı 4-5 milyonluq olan erməni tayfası tarixlərdə əsli qaranlıq və indi süni bir tərzdə ixtira olunmuş “Haykakan” dövləti yolunda can, mal və qələm ilə çalışırlar, vuruşurlar. Mərama nail olmaq üçün heç bir şeyi müzayiqə etməyirlər (əsirgəməyirlər). Hətta bu yolda lazım görülərsə, böhtan, fitnə, haqqı batil [göstərmək] kimi ədalət və insaniyyətdən uzaq, qeyri-məşru (qanunsuz) şeylərdən də çəkinməzlər. Ermənilər hansı bir yerdə yaşayırlar yaşasınlar, hansı bir partiyada işləyirlər işləsinlər, yenə axır ki, məqsədləri “Hayastan”ın istiqbalıdır (gələcəyidir). Bunu qazanmaq üçün bir vaxt rus istibdadının ən sadiq bəndələrindən sayılaraq Loris-Məlikovlar imperator saraylarına qədər yaxınlaşdılar. Hətta zimami-hökuməti (hökumətin cilovunu) ələ almaq məqsədinə cürətləndilər. Erməni hiyləsini anlamış imperatorun müqərrəbləri (yaxınları) dərhal Loris-Məlikovu kənar etdilər. Lakin ermənilər məyus olmayaraq Peterburq saraylarından Qafqaz canişini Vorontsov-Daşkov sarayına köçürlər. Erməni qadını vasitəsilə qoca və düşkün canişini ələ alıb onun icazəsi ilə daşnak partiyasını tərtib verirlər. Bundan sonra erməni “cürəti” bir dərəcəyə çatır ki, bir tərəfdən sərhədi keçib Türkiyə ermənilərini silahlandıraraq üsyana hazırlandırırlar, o biri tərəfdən də Qafqazda erməni mənafeyinə müxalifət göstərmiş rus qubernator və generallarını terror vasitəsilə qətlə yetirirlər. Gürcüstanda və Azərbaycanda bunlar törətdiyi əməllərə qarşı gürcülər və müsəlmanlar mat və mütəhəyyir [heyrətdə] qalmışdılar...”.
Elə həmin nömrədə digər bir yazı – “Naxçıvan və Qarabağ” yazısı da bu günün oxucusuna erməni hiyləgərliyi və saxtakarlığını bütün çılpaqlığı ilə açıb göstərir: “Naxçıvan müsəlmanları Ararat hökumətinə tabe olmaq istəmədiyi kimi, Qarabağ erməniləri də Azərbaycan hökumətinə təbəəlik etmək istəməyirdilər və istəməyirlər.
Naxçıvan müsəlmanlarının böylə rəftara haqları vardı. Çünki oraların müsəlmanları ədədcə ermənilərdən çox olub, yerlərinin böyük qismi də müsəlmanlara məxsusdur. Halbuki ədədcə müsəlmanlardan az və yer-yurdca müsəlmanlardan kasıb olan Qarabağ erməniləri bu iddialarında heç bir haqqa malik deyildirlər və əlavə, bu haqsız fikir və iddia bütün Qarabağ ermənilərinin arzusu olmayıb, bəlkə daşnak partiyasının fitnə və intriqası nəticəsidir. Halbuki Ermənistana tabe olmamaq təşəbbüsləri ümum Naxçıvan müsəlmanlarının öz arzuları idi. İngilislər bu məsələləri həll etmək istədilər. Məlum oldu ki, Naxçıvanı məhəlli [yerli] müsəlmanların haqlı arzusuna rəğmən Ermənistana və Qarabağı da daşnakların iddialarına xilaf olaraq Azərbaycana mütəəlliq etdirmək (bağlamaq) əsası ilə iş görmək fikrindədirlər. Bu fikri yeritmək üçün general Devini Ararata köməyə və miralay (polkovnik) Şattivortu da Azərbaycana mədədə məmur etdilər...”.
Kitabı vərəqlədikcə oxucuda 1919-cu ilin siyasi hadisələri, ölkənin təhsil və mədəni həyatı haqqında geniş təsəvvür yaranır. Qəzetin bu cilddə toplanan nömrələrində o dövrdə Azərbaycanın, regionun və beynəlxalq aləmin gündəm mövzularına dair müxtəlif səpkili informasiyalar da yer alıb.
ADA Universitetinin rektoru professor Hafiz Paşayev kitaba ön sözdə yazır: “Azərbaycan” qəzetindəki materiallar Azərbaycan Cümhuriyyətinin bilavasitə tarixini əks etdirir. Qəzetin səhifələrində Azərbaycan hökumətinin qərarları, parlament üzvlərinin çıxışları, paytaxtda və bölgələrdə baş verən hadisələrin təfərrüatları, müxtəlif təhlillər, xatirələr öz əksini tapıb. Günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Eləcə də Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri, dövrün ab-havası müfəssəl şəkildə qəzetin səhifələrində əks olunub. Ümumiyyətlə, bu qəzetin transliterasiyası Azərbaycan Cümhuriyyəti tarixşünaslığında yeni bir səhifə açacaq və gələcək tədqiqatlar üçün mühüm stimul olacaqdır.
İlk dörd nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilən “Azərbaycan” qəzetinin 15 sentyabr 1918 – 28 aprel 1920-ci il tarixləri arasında 443 nömrəsi çapdan çıxmışdır. Qəzetin redaktorları müxtəlif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olmuşdur. Qəzet əksəriyyətlə 4 səhifə həcmində çıxsa da, bəzi nömrələrdə səhifələrin sayı fərqlilik göstərir. Hər səhifədəki sütunların sayı və səhifələrin ölçüsü, qəzetin çap olunduğu 19 ay yarımlıq müddət ərzində bir neçə dəfə dəyişmişdir...”.
Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Nəşrin elmi redaktoru isə akademik Teymur Kərimlidir.