Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Piano əsərləri” kitabı nəşr edilib. Kitab Ankara Dövlət Opera və Balet Teatrının əməkdaşı, peşəkar fortepiano sənətçisi, həmyerlimiz Nailə Əhmədova tərəfindən tərtib olunub.
Bununla bağlı məlumat verən Nailə Əhmədova Türkiyədə Azərbaycan bəstəkarlarının, klassiklərinin əsərlərinin həddən artıq çox sevildiyi üçün belə bir əsərə ehtiyac yarandığını deyib.
“Klassik musiqimizin banisi Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının musiqiləri möhtəşəmdir və bu əsərlər qardaş Türkiyədə çox sevilir. Musiqilərimiz qulağa xoş gəlir, ürəkaçandır, tələbələr tərəfindən asan mənimsənir. Aralarında çətin mənimsənən musiqilərimiz də var, amma o əsərlərin də dinləyici auditoriyası Türkiyədə çoxdur”, - deyə Nailə Əhmədova bildirib.
Bu musiqiləri bir kitab şəklində hazırlayıb, tələbələrinə dərs vəsaiti olaraq təqdim etməsi ilə bağlı ideyanın üç-dörd il əvvəl yarandığını qeyd edən pianoçu deyib: “Əvvəl mütəmadi olaraq notların surətini çıxarıb tələbələrə paylayırdım. Doğma Türkiyəmizdə bu qədər ehtiyac olduğu halda nədən belə bir tərtibat olmasın, bizdən də bir xatirə qalsın, deyə düşündüm. Elə bu fikirlə də nəhayət ki, kitabımız ərsəyə gəldi. Zəngin repertuar seçimi olan kitabda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Musa Mirzəyevlə yanaşı, avropalı bəstəkarların da əsərləri yer alıb. Kitabın sonu da Üzeyir Hacıbəylinin “Yaxşı yol” əsəri ilə bitir”.
Müsahibimiz bildirib ki, Türkiyədə ilk dəfə fortepiano ifası üzrə tələbələr üçün hazırlanan belə bir dərs vəsaiti musiqi ictimaiyyəti üçün də olduqca maraqla qarşılandı: “Ümid edirəm ki, müvafiq qurumlar, xeyirsevər azərbaycanlılar bundan sonrakı nəşrlərin daha geniş tərtibatda və tirajda yayılmasına, azərbaycanlı musiqiçilərimizin qardaş Türkiyədə çox geniş təbliğinə öz dəstəklərini göstərərlər”.
Nailə Əhmədova kitabın Türkiyə ilə yanaşı Fransa, İtaliya, Amerika, Almaniyada da marağa səbəb olduğunu deyərək bildirib ki, o ölkələrdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət tərtiblə bağlı təşəbbüslər də var.
Nailə Əhmədova deyib ki, hazırda azyaşlılar, gənclərlə yanaşı, yaşı 40-daha çox olan və Azərbaycan musiqilərinə böyük maraq göstərən, fortepiano dərsləri almaq istəyənlərin də sayı Türkiyədə artmaqdadır: “Məqsədim budur ki, Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin böyük səhnələrində zövqlə ifa edilsin və insanların ruhunu oxşasın”.
Nailə Əhmədova kitabın nəşrində xidməti olan “Arkadaş” Yayın Evinə də təşəkkürünü bildirib.
Qeyd edək ki, kitabda müəllifin özünəməxsus tədris metodu yer alıb.