Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Niftulla Əsgərov yanvarın 22-də, 65 yaşında vəfat edib.

Niftulla Fətulla oğlu Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsində özfəaliyyət dram kollektivinin rəhbəri kursunu bitirdikdən sonra təhsilini Rostov Pedaqoji İnstitutunda davam etdirib. 1986-cı ildən Lənkəran Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.

1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Teatrda tamaşaya qoyulan S.M.Qənizadənin “Xor-xor” (Seyfulla), İ.Məlikzadənin “Gəl qohum olaq” (Camal), H.Abbaszadənin “Həzi Aslanov” (Bekişvilli), Ü.Hacıbəylinin “Olanlardan-keçənlərdən” (Atamoğlan əmi), N.Vəzirovun “Hacı Qənbər” (Qıdı kirvə), B.Nuşiçin “Nazirin xanımı” (Çeda), N.Nərimanovun “Nadir şah” (Əliəşrəf bəy) və s. əsərlərdə maraqlı obrazlar yaradıb.

Həmçinin filmlərdə (“Bayram axşamı”, “Bığ əhvalatı”, “Elçilik” və s.) və televiziya seriallarında çəkilib.

2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin.

***

Yanvarın 22-də Lənkəran Dövlət Dram Teatrında mərhumla vida mərasimi keçirilib. Niftulla Əsgərov Girdəni kənd qəbiristanlığında dəfn olunub.