Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində (MİM) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib.
Məktəbin Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Leyla Həsənova çıxış edərək 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğın haqqında videoçarxlar və slaydlar vasitəsilə məlumat verib. Faciənin şahidlərindən alınan müsahibələrdən ibarət videokadrlar nümayiş etdirilib.
Məktəbin müəllimləri Nəbi Quliyev (tar) və Azad Rzayev (gitara) “Rekviyem”, Elnur Məmmədov (tar) “Fəryad” filmindən saundtrek, Samir Əsədli (tar) isə “Laylay” əsərlərini ifa ediblər.
Həmçinin şagird və müəllimlərin birgə ifasında “Hüzn valsı”, “Ana, mən şəhid oldum” və s. əsərlər səsləndirilib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı, qiraətçi Hüseynağa Aslanov Xalq şairi Ramiz Rövşənin “Qapı” şeirini qiraət edib.
Tədbirdə məktəbin Xoreoqrafiya və rəssamlıq şöbəsinin rəsm ixtisası üzrə müəllimi Nigar Şıxəliyevanın şagirdləri tərəfindən ərsəyə gətirilən rəsmlər də nümayiş etdirilib.