Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) çıxış edib.  Solistlər – Əməkdar artist Anton Ferştandt (bariton) və respublika və beynəlxalq müsabiqələr laureatı Fatimə Cəfərzadənin (soprano) ifasında J.Bramsın “Alman rekviyemi” (op.45) səsləndirilib.

Kollektivin məharətli ifası 34 il öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi kimi səslənib.