Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın 100 illiyi ilə əlaqədar silsilə materiallar istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, hazırlanan virtual sərgi və videomateriallarda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, əsərləri bu gün də sevilə-sevilə dinlənilən bəstəkarın həyat və yaradıcılığı, milli köklərə bağlı olan bəstəkarlıq fəaliyyəti haqqında geniş məlumat verilir.

Xalq artistinin dəyərli operetta, böyük simfonik orkestr üçün süitalar, xor üçün silsilə əsərlər, yüzlərlə mahnı və romanslar yaratması, zəngin irsinin Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindən biri olması təsvir edilir.

Materialda dahi bəstəkara həsr olunmuş “Bəstəkar Şəfiqə Axundova”, “Nəğmədir həyat”, “Azərbaycanın solmayan lalələri”, “Uşaq mahnıları”, “Fəqan etməz idim”, “Ev bizim, sirr bizim”, “Ana, can ana”, “Mahnı və romanslar” kimi kitabların biblioqrafik təsviri təqdim edilir. Videomaterialda bəstəkarın müəllifi olduğu əsərlərdən parçalar, müsahibələri, foto və videogörüntüləri də yer alır.

Materialla tanış olmaq istəyənlər https://ryl.az/multimedia/ linkindən istifadə edə bilərlər.