Yanvarın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə Milli Məclisin deputatlarının iştirakı ilə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri və deputatlar imtahan prosesini izləyiblər, KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
ADU-nun rektoru akademik Kamal Abdulla deputatların, media nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib. Bildirib ki, imtahanların idarə olunması üçün təcrübəli müəllimlər cəlb olunublar.
Universitetdə bir sıra yeni layihələrin həyata keçirildiyini qeyd edən rektor ictimaiyyətə təqdim olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2023)” kitabının öz məzmun, mövqe və forması ilə diqqəti cəlb etdiyini vurğulayıb. O, kitabda müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlərin öz əksini tapdığını söyləyib.
Rektor bildirib ki, Ulu Öndərin 100 illiyinə həsr olunmuş layihədə 1993-2003-cü illərdə ilk müstəqillik dövründə ölkəmizlə bağlı xarici ölkələrdə yazılan məqalələr tərcümə olunaraq şərhlərlə çap edilib.
ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova keçirilən tədbirlər və imtahan prosesi haqqında məlumat verib. Bildirib ki, ADU mətbuatla sıx əlaqə qurur, imtahan prosesinin şəffaflığı və obyektivliyini açıq şəkildə ictimaiyyətə təqdim edir.
Tədris işləri üzrə prorektor Kifayət Hacıyeva isə imtahanların keçirilməsi prosesindən, yoxlama işlərinin obyektiv və şəffaf aparılması qaydalarından danışıb. Qeyd olunub ki, sessiya normativ sənədlərə uyğun keçirilir, tələbələr öz bilik və bacarıqlarını ən yüksək səviyyədə nümayiş etdirirlər.
Daha sonra KİV nümayəndələri və qonaqlar imtahan cavab kartlarının yoxlanılması prosesini izləyiblər.
Qeyd edək ki, yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlanıb. İmtahanlar üç növbədə - bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan 15:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçirilir. Bakalavriatura səviyyəsində 7 minə yaxın tələbə imtahan verəcək.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.