Sumqayıt Dövlət Dram Teatrında növbəti premyeralar olacaq. Kollektiv yanvarın son həftəsində Əməkdar mədəniyyət işçisi Vasif Məmmədovun yozumunda hazırlanan “Uçqun” (T.Cücenoğlu) və Əməkdar artist Namis Şirməmmədovun hazırladığı “Ezop” (G.Fiqeyredo) tamaşaları ilə sənətsevərlərin görüşünə gələcək.

Sənət ocağında daha bir tamaşanın məşqləri başlanıb. G.Xuqayevin “Varlı ev” əsərinə teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verir.

Baş rejissor Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” əsərini də səhnələşdirəcək.

Teatrın cari il üçün yaradıcılıq planında Xalq yazıçısı Anarın “Şəhərin yay günləri” əsəri də var. Əsərə Namis Şirməmmədov quruluş verəcək.

Yaradıcı kollektiv balaca tamaşaçıları da unutmur. Rejissor Fuad Kazımovun yozumunda “Siçanlar pendiri çox sevir” (D.Urban) və Əməkdar mədəniyyət işçisi Vasif Məmmədovun quruluşunda “Sehrin gücü” (Ş.Perro) əsərləri səhnəyə çıxacaq.