AMEA bölmələrinin hesabatları

 

2023-cü ildə AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) elmi müəssisələrində 34 problemə aid 75 mövzuya dair 469 tədqiqat işi aparılıb, 37 mövzu, 393 iş tamamlanıb.

Bunu AMEA HEB-in 2023-cü il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş iclasda akademik Teymur Kərimli nitq söyləyib.

Teymur Kərimli bildirib ki, 2023-cü ildə bölmə əməkdaşlarının 108 kitabı (9-u xaricdə), 65 monoqrafiyası (7-si xaricdə), 10 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib. 35 elmi məqalə “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub.

Akademik bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları barədə məlumatları da diqqətə çatdırıb.

***

AMEA-nın İctimai Elmlər Bölməsinin elmi müəssisələrində isə 2023-cü ildə 26 problemə aid 76 mövzuya dair 308 tədqiqat işi aparılıb, 17 mövzu, 222 iş tamamlanıb. O cümlədən 40-dan çox elmi iş Qarabağa həsr olunub.

Bu barədə isə AMEA-nın İctimai Elmlər Bölməsinin 2023-cü ildəki fəaliyyətlərinə dair hesabat iclasında akademik Gövhər Baxşəliyeva məlumat verib.

Qeyd olunub ki, 2023-cü ildə bölmə üzrə 1927 əsər, o cümlədən 87 kitab (4-ü xaricdə), 58-i monoqrafiya, 14 dərslik və dərs vəsaiti nəşr edilib. 47 məqalə impakt faktorlu jurnalda dərc olunub.

***

AMEA-nın Yer Elmləri Bölməsi də 2023-cü ilin hesabatını verib. Hesabatı təqdim edən  akademik Fəxrəddin Qədirov bildirib ki, ötən il bölmənin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 43 mövzu üzrə elmi-tədqiqat işləri yerinə yetirilib, 13 elmi-tədqiqat işi başa çatdırılıb. Hesabat ilində 1 tətbiq işi tamamlanıb, 1 patent alınıb, təsərrüfat müqaviləsi əsasında 139 elmi-tətbiqi iş yerinə yetirilib.

Bölmənin elmi müəssisələrində 7 monoqrafiya, 12 kitab və 20 dərslik nəşr edilib,  habelə “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda 76 məqalə dərc olunub.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə hər üç bölmə üzrə hesabat təsdiq edilib.