Bölgələrdə 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə müxtəlif səpkili tədbirlər keçirilib.

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən “20 Yanvar – qan yaddaşımız” adlı rəsm və kitab sərgisi keçirilib. Sərgidə fəal oxucuların 20 Yanvar faciəsinə həsr etdikləri rəsmlər, Qanlı Yanvar haqqında yazılmış kitablar nümayiş olunub.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən oxu zalında “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış ediblər. Sonda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı videoçarx nümayiş olunub, “Şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq” adlı kitab sərgisinə baxış keçirilib.

Şabran Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” adlı tədbir təşkil edilib. Şabran rayon Aygünlü kənd tam orta məktəbin müəllim və şagird kollektivinin hazırladığı kompozisiya nümayiş etdirilib, “20 Yanvar – 34 il” adlı sərgiyə baxış olub.

Qusar rayon Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Qusar Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra Mədəniyyət Mərkəzinin tamaşa zalında “Qan yaddaşımız – 20 Yanvar faciəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

***

Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisi keçirilib. Sərginin açılış mərasimində Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, rayon musiqi və incəsənət məktəblərinin pedaqoji heyəti iştirak edib. “20 Yanvar milli qürur günümüzdür” adlı sərgidə Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbi və Nihad Babayev adına Xırmandalı kənd Uşaq incəsənət məktəbi şagirdlərinin əl işləri nümayiş olunub.

Biləsuvar rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunan “Qisas” tamaşasının premyerası keçirilib. Biləsuvar rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pəncərə” teatrının hazırladığı tamaşada xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından bəhs olunur. Yazıçı-publisist Ruhiyyə Abbaszadənin “Qisas” hekayəsinin motivləri əsasında hazırlanan tamaşanın rejissorları İlqar Dadaşov və Cahangir Məlikovdur. Tamaşada rolları Adil Əhmədov, Cahangir Məlikov, Günel Mirzəyeva, Seymur Həsənov, Sevil Əliyeva, Ceyhun Haxverdiyev, Vasif Əsgərov və Harun Haxverdiyev ifa ediblər. Tamaşadan sonra çıxış edən RMİ-nin rəisi Şahin Şahbazov yaradıcı heyətə təşəkkürünü bildirib.

***

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Qara Yanvarın ildönümü münasibətilə anım tədbiri keçirilib. Əvvəlcə İsmayıllı şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, məzarların önünə gül dəstələri düzülüb. Mədəniyyət Mərkəzində davam edən tədbirdə bədii kompozisiya və Bakı Uşaq və Gənclər Teatrının hazırladığı “Vətən” tamaşası nümayiş olunub.

***

Mərkəzi Aran RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Şəhidlərin ailə üzvlərinin, qazilərin, rayon ictimaiyyətinin, məktəblilərin, idarə, müəssisə və təşkilatların, mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbirlərdə faciə qurbanlarının xatirələri yad edilib, kitablardan və rəsmlərdən ibarət sərgilər təşkil olunub. Tədbir iştirakçıları 20 Yanvar həqiqətlərini əks etdirən videoçarx, film və kompozisiyaları izləyiblər.

***

Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki müəssisələrdə 20 Yanvarın ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub. Bildirilib ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsi qurbanlarının o qanlı gecədə nümayiş etdirdiyi birliyi, sarsılmaz iradəni heç vaxt unutmayacaq. Vətən yolunda, el yolunda şəhid olanlar heç vaxt unudulmurlar və onların xatirəsi nəsillər dəyişsə də, ürəklərdə əbədi yaşayacaq.

***

Füzuli rayon Böyük Bəhmənli kənd Mədəniyyət evində keçirilən anım tədbirində 20 Yanvar faciəsinin tarixindən və nəticələrindən danışılıb. Tədbirin sonunda Mədəniyyət evində fəaliyyət göstərən dərnək üzvlərinin hazırladığı “Qanlı Yanvar gecəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində 20 Yanvarın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Çıxışlarda 1990-cı ilin yanvar hadisələrindən, faciənin baş vermə səbəblərindən söz açılıb. Sonra bu faciə ilə bağlı həqiqətləri əks etdirən videoçarx nümayiş olunub.

***

Tovuz rayon Abulbəyli kənd Folklor evində Tovuz Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət “Azadlığa gedən yolun əzabları” adlı rəsm sərgisi təşkil edilib.

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Azadlığın təməli” adlı tədbir keçirilib. Mədəniyyət işçilərinin iştirakı ilə gerçəkləşən tədbirdə qanlı Yanvar hadisələrini özündə əks etdirən kitab sərgisi nümayiş olunub. Tədbir yerli incəsənət nümayəndələrinin, eləcə də məktəblilərin təqdimatında şəhidlərə həsr olunan musiqilər və ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

***

Gəncə-Daşkəsən RMİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

***

Lənkəran şəhər  Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyi ilə birgə “20 Yanvar həqiqətləri” adlı tədbir keçirilib. Əvvəlcə mərkəzin foyesində məktəblilərin mövzuya dair rəsm əsərlərindən ibarət sərgiyə baxış olub. Çıxışlardan sonra qəhrəman vətən övladlarının 34 il əvvəl göstərdikləri şücaətdən bəhs edən sənədli film göstərilib.

Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində əvvəlcə Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev çıxış edərək tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Daha sonra mərkəzin dəvəti ilə tədbirdə iştirak edən Lənkəran Dövlət Dram Teatrının kollektivi Emil Əskərovun “Azadlıq qatarı” adlı kompozisiyasını nümayiş etdirib.

Oqtay Kazımi adına Astara şəhər Uşaq musiqi məktəbində anım tədbiri keçirilib. Şagirdlərin ifasında şeirlər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib. Sonda tədbir iştirakçıları Astara Şəhidlər xiyabanını ziyarət ediblər.

Yardımlı Dövlət Rəsm Qalereyasında “Qanlı Yanvar” adlı tədbir təşkil edilib. Çıxışlarda 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisədən, xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışılıb. Sonda tədbir iştirakçıları Qanlı Yanvara həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

N.Məmmədli