Füzuli şəhəri doğma sakinlərini qarşılamaqda davam edir. Yanvarın 18-də yeni ilin ilk köç prosesi həyata keçirilib. Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr yenidən qurulan Füzuli şəhərinə çatıblar. Həmin gün 30 ailə (127 nəfər) doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək doğma yurdlarına qayıdışın sevincini paylaşıblar.

***

Füzuli sakinlərinin növbəti köçü yanvarın 22-də gerçəkləşib. Bu dəfə də 30 ailə (106 nəfər) doğma yurduna qovuşub.

Ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Bununla da Füzuli şəhərində ümumilikdə 440 ailənin (1625 nəfər) daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.