Yanvarın 19-da Şəki Heydər Əliyev Mərkəzində “Şəkinin Orta əsrlər tarixi” (Tağı Musəvinin tədqiqatları üzrə) adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabı Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının müəllimi, AMEA Şəki Regional Elmi Mərkəzi Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədov birlikdə tərtib ediblər.
Təqdimatda Milli Məclisin deputatı Vüqar İsgəndərov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Tağı Musəvinin Azərbaycanın Orta əsrlər tarixinin öyrənilməsi işində rolundan söz açılıb, kitabın Şəkinin Orta əsrlər tarixinin öyrənilməsi sahəsində xüsusi əhəmiyyətini vurğulayıblar.
Sonda kitabın tərtibçiləri Rahim Həsənov və Aydın Məmmədov Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı yerli komitəsinin fəxri fərmanı ilə təltif olunublar.