Siz deyirsiniz, biz oynayırıq...

 

Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) “Pleybek-teatr” adlı tədbir təşkil olunub. Tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən keçirilib.

Pleybek-teatr tamaşaçıların öz hekayələrini təqdim etdikləri, aktyorların isə onları səhnədə canlandırdıqları tamaşa formatıdır. Burada hər bir tamaşa izləyicilərin gözləri önündə yaranır. Bu, hər hansı hadisədən doğan təəssürat, yaxud insanın hafizəsində qalan bir vəziyyət də ola bilər. Aktyorlar isə süjeti tam dəqiqliklə canlandırmırlar, həmin süjetdə gördüklərini nümayiş etdirirlər.

Bu, klassik mənada teatr demək deyil. Bu formatda hər bir tamaşaçı tamaşanın həmmüəllifi və qəhrəmanı ola, özünə, necə deyərlər, kənardan baxa bilər...