Onlayn incəsənət bazarı kimi 4 mindən çox qalereya və auksionu əhatə edən “Artsy” portalı (Artsy.net) 5 ölkədən dünyanın yeni incəsənət paytaxtları ola biləcək şəhərlərin siyahısını tərtib edib. Bildirilir ki, həmin şəhərlər London, Nyu-York və Paris kimi tanınmış art-mərkəzlərlə rəqabət təşkil edə bilər.
Ekspertlərin seçimlərinə bir çox amillərlə yanaşı, yerli qalereya şəbəkəsinin şaxələnməsi, illik art-yarmarkaların sayı, sərgi proqramının müxtəlifliyi və aktiv kolleksiyaçıların təxmini sayı öz təsirini göstərib.
Dünyanın yeni incəsənət paytaxtları olmağa iddiaçılar sırasında Cənubi Koreyanın liman şəhəri – Asiyaya mədəni və iqtisadi qapıları olan Busan var. Ötən ilin yayında 22 ölkədən 145 qalereyanın iştirak etdiyi “Art – Busan” yarmarkasında satışda 20 faizlik artım müşahidə edilmişdi.
Atlanta (ABŞ) da dünya art sənayesində sürətlə inkişaf edən şəhərlərdən birinə çevrilməkdədir. Burada “United Talent Agency”, “Jackson Fine Art” və “Wolfgang Gallery” kimi qalereyalar adlarından söz etdirirlər.
“Cənubi Avropanın aparıcı mədəniyyət hablarından biri” kimi təqdim edilən Marsel (Fransa) isə Parislə müqayisədə kirayə haqqının daha aşağı olması ilə ilk addımlarını atan studiyaların sığınacağına çevirib. Burada art-iqamətgahların şəbəkəsi fəal inkişaf edir.
Materialda dünyanın perspektivli incəsənət mərkəzlərinin sırasında Qahirə (Misir) və İbitsa (İspaniya) şəhərlərinin də adları çəkilir.