“Qaraca qız” yenidən səhnəyə çıxacaq

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qaraca qız” tamaşasının (müəlliflər Süleyman Sani Axundov və Abdulla Şaiq) oxunuş məşqlərinə başlanılıb.

Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rəssam Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov iştirak edəcəklər.

Qeyd edək ki, indiyədək dəfələrlə səhnələşdirilən, ekranlaşdırılan (1966) “Qaraca qız” Azərbaycan uşaq ədəbiyyatının klassik nümunəsidir.

S.S.Axundovun 1912-1914-cü illərdə qələmə aldığı “Qorxulu nağıllar”dan biri olan “Qaraca qız” hekayəsi əsasında 1948-ci ildə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub. Bundan əlavə, bəstəkar Əşrəf Abbasov bu əsər əsasında Azərbaycanda uşaqlar üçün ilk balet (libretto müəllifi Əfrasiyab Bədəlbəyli) yaradıb.