Repertuar və tamaşaların məzmunu qiymətləndiriləcək

 

Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.

Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq müəssisənin profilinə, eləcə də milli-mənəvi dəyərlərə, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir.

Yanvarın 18-də Ekspert şurasının ilk iclası təşkil olunub. Qeyd edilib ki, repertuar üçün təqdim olunan layihələr müvafiq teatrların fəaliyyət istiqamətlərinə, sahə üzrə qabaqcıl təcrübəyə əsaslanmalı, keyfiyyət amilinə diqqət yetirilməlidir. Layihələrin rejissor həllinin, rəssam şərhinin müasir dövrün tələblərinə cavab verməsi önəmli məsələdir. Repertuar seçimi zamanı Azərbaycan dilinin, mədəni dəyərlərimizin qorunması, inkişafı və zənginləşdirilməsi, cəmiyyətin bədii-estetik zövqünün formalaşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi kimi məqamlar nəzərə alınmalıdır.

İclasda, həmçinin bildirilib ki, layihələr hazırlanarkən ideyanın düzgün əsaslandırılması, məqsəd və vəzifələrinin aydınlığı, habelə mövzunun aktuallığı və mədəniyyətin inkişafı ilə bağlı prioritet istiqamətlərə uyğunluğuna diqqət göstərilməlidir.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılan Ekspert şurasına Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov başçılıq edir. Şuranın tərkibində doqquz üzv, o cümlədən Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirli, həmçinin ekspertlərin sırasında sosioloq, psixoloq və teatr rəssamları yer alıb.