Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
Mədəniyyətə dövlət qayğısından danışan nazir bildirib ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atılır. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət sahələrinin inkişafına töhfə verən insanlar müxtəlif dövlət təltiflərinə, təqaüd və fəxri adlara layiq görülürlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyətin inkişafı, təbliği, xüsusilə də mədəniyyət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.
Bununla belə, müasir dövrün çağırışlarına uyğun olaraq, mədəniyyət sahəsinə yeni yanaşmalar tətbiq edilməlidir. Teatr-tamaşa və konsert müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə, yüksək bədii və estetik dəyərə malik tamaşaların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
Müşavirədə qeyd olunub ki, müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, teatr-tamaşa və konsert müəssisələrinin, habelə Bakı Dövlət Sirkinin fəaliyyəti ilə bağlı vətəndaşlara xidmət göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılmalı və konkret tədbirlər görülməlidir. Bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi də vurğulanıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.