Elə isə niyə bunlar Avropa Şurası komissarının hesabatında əks olunmayıb?
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın apardığı işğal siyasətinin ən dəhşətli səhifələrindən biri Xocalı faciəsidir. 1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırımı insanlıq əleyhinə ən müdhiş cinayətlərdən sayılır. Siz Qarabağ hesabatını hazırlamaq üçün regiona səfəriniz çərçivəsində Xocalı soyqırımından salamat qurtarmış şahidlərlə, eləcə də Ermənistan ərazisindəki tarixi torpaqlarından 1980-ci illərin sonlarında deportasiya edilmiş azərbaycanlılarla görüşmüsünüz. Əgər həqiqətən obyektiv və ədalətli hesabat hazırlamaq fikriniz var idisə, bəs nə üçün həmin görüşlərlə bağlı mülahizələriniz hesabatda yer almayıb?
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun İnsan haqları üzrə komissarı Dunya Miyatoviçə bu sualla müraciət edib.
Sualı cavablandıran komissar deyib ki, o, Xocalı haqqında yaxşı məlumatlıdır və Azərbaycana səfəri zamanı bir çox zərərçəkənlərlə görüşüb, onların hekayətlərini dinləyib. “Təbii ki, mən bütün görüşlərimi məruzədə əks etdirmək imkanında deyildim. Ancaq hər halda məruzədə bu məsələlərlə bağlı ayrı-ayrı müddəalar var. Bilirsiniz ki, mən Bosniya və Herseqovinadanam, sarayevoluyam. Ona görə də çox yaxşı anlayıram ki, lazım olan yerdə ədalətin bərqərar olmamasını görmək nə deməkdir. Ancaq indi istəyim başqadır. Arzu edirəm ki, daha çox gələcəyə baxaq. Münaqişənin hər iki tərəfinə bu çağırışı edirəm ki, sülh naminə insan haqları üzrə yol xəritəsinin tərtibi ilə əlaqədar birgə işə başlayaq”, – deyə D.Miyatoviç bildirib.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Şurası komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırlanmış hesabatına dair şərhi yayılıb.
Məlumatda diqqətə çatdırılır ki, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 30 ildə bölgəyə belə bir səfər gerçəkləşməmişdi və bu, Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə ilk missiyadır. Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş səfər rəsmi Bakının beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığının və əməkdaşlığının göstəricisidir.
Şərhdə qeyd olunur ki, bütövlükdə, hesabatda 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirilib. Komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub.
Hesabatda xüsusən terrorla mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı bir sıra konkret addımlar göstərilir. Burada yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbaycanın müsbət niyyəti və yanaşması vurğulanır.
Komissarın hesabatında münaqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirləri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin edilməsi məqsədilə aparılan minatəmizləmə və yenidənqurma işləri də əksini tapıb.
Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalarla çirklənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma prosesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə, komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır.
Azərbaycan XİN diqqətə çatdırır ki, bütün bunlara baxmayaraq, təəssüf ki, sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir: “Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik...
Azərbaycan tərəfi təəssüf edir ki, komissarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi”.
XİN-in şərhində də vurğulanır ki, Azərbaycan tərəfi AŞ komissarının tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət edib. Səfərin nəticələrinə baxdıqda isə, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını görürük. Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə, digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır.