Əsr yarım neftlə çirklənmiş yerlər indi Bakının ultramüasir məkanıdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şəraitlə tanış olub.

Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, hazırkı Ağ Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi tanınırdı. Bu da təsadüfi deyildi. Ərazi neft sənayesi tullantılarından çirklənmişdi. Burada çox sayda bataqlıq, gölməçə və neft tullantıları var idi. Bir sözlə, Qara şəhər əsl ekoloji fəlakət zonasına çevrilmişdi.

Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara şəhərin yerində hazırda dünyanın ən müasir ekoloji layihəsi olan Ağ Şəhərin salınmasına başlanıldı.

Nadirliyi ilə seçilən Bakı Ağ Şəhər layihəsinin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın 24-də qoyulub. Bakının ekoloji cəhətdən ən çox çirklənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin rahat yaşayışı, həm də ekoloji baxımdan, sözün əsl mənasında, möcüzəvi layihə reallaşdırılıb.

Dövlətimizin başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində başlanan Bakı Ağ Şəhər layihəsi irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi də artıq dünyada tanınıb. Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb. İndi bu ərazi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli yaşayış və gəzinti zonalarından birinə çevrilməkdədir.

Ümumilikdə 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 kvartalın salınması, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq.

Məlumat verilib ki, inşası mərhələli şəkildə həyata keçirilən Bakı Ağ Şəhərin Mərkəzi Park rayonunda bir sıra binaların, ictimai yerlərin tikintisi artıq başa çatıb, infrastruktur işləri həyata keçirilib. Müxtəlif küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər də yekunlaşıb. Layihələndirmə işləri zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya hazırlanıb.

Mərkəzi Park kvartalı 2017-ci ildə istifadəyə verilmiş “Paris evləri”ndən başqa 36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binalarından, ticarət və iaşə obyektlərindən, orta məktəbdən, ofis və inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı burada yaşayış massivinin ərazisində yaşıl zonalar da nəzərdə tutulub. Onların arasında “Dağdağan bağı” da var.

Vətəni Qarabağ olan dağdağan ağacı Azərbaycan təbiətinin rəmzlərindən biridir. Prezident İlham Əliyev 2021-ci ilin mayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkib. Dağdağan ağacları Ağ Şəhərə Qarabağdan gətirilib.

Dövlətimizin başçısı bağın ərazisində dağdağan ağacı əkib.

Son illər Bakı Ağ Şəhər həm də bir sıra yerli və beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib. Ağ Şəhərin mərkəzi küçələrindən olan və inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli və xarici rəssamların əsərləri quraşdırılıb.

Heykəltaraş Enrike Kabreranın “Böyük alma” əsəri onun ən mühüm sənət layihələrindən biridir. Nyu-Yorkda quraşdırılmış “Böyük alma” bu şəhərin rəmzini təcəssüm etdirməklə onun sakinləri və qonaqları arasında çox məşhurdur. Bu əsərin ikincisi isə Bakı Ağ Şəhərdə sərgilənir.

Azərbaycan MAAS incəsənət qurumunun müasir üslubda hazırladığı hündürlüyü 4,2 metr olan “Əjdaha” heykəli 2024-cü ilin rəmzinə (Şərq təqvimi ilə) həsr olunub.

Cozef Klibanskinin “Mütəfəkkir” əsəri müasir insanın texnoloji inkişaf dövrünü, ekoloji və qlobal istiləşmə problemlərindən yaranan həyəcanlarını əks etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin rəğbətini qazanıb.

Xatırladaq ki, bu adda (“Mütəfəkkir”) ilk heykəltaraşlıq əsəri ilk dəfə XIX əsrdə fransız Ogüst Roden tərəfindən (Dantenin “İlahi komediyası”ndan ilhamlanaraq motivi əsasında) yaradılıb. Sonralar bu obraz müxtəlif sənətkarların fərqli kontekstlərdə yaratdığı əsərlərdə təcəssüm tapıb.

C.Klibanskinin “Mütəfəkkir”i kainatın gələcəyi barədə fikrə dalmış astronavt obrazıdır. Heykəlin müəllifi 2014-cü ildə Bakının zəngin memarlığından, qədimliyin və müasirliyin vəhdətindən ilhamlanaraq Azərbaycanın paytaxtının gözəlliyini tərənnüm edən “Gözəl Bakı” əsərini də yaradıb.

Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Ağ Şəhər Ofis binası ilə də tanış olub. İnşasına 2020-ci ildə başlanılan binada dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir tikililərin maketləri təqdim olunur. Ofis binası ətraf mühitin mühafizəsi siyasətinə tam uyğundur və beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından (BREEAM) sertifikat alıb. Qeyd edilib ki, 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar müvafiq (CRREM) tələblərə uyğunluğu təmin etmək məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulub.

Binada, eyni zamanda, Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın tanınmış “Lladro” şirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan stolüstü heykəli təqdim olunur. Bu heykəl məhdud kolleksiyadır və şirkətin 100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

Diqqətə çatdırılıb ki, binada 150 ofis yerləşir. İnformasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center yaradılıb.

Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, yerli iqlimə uyğunlaşdırılmış müxtəlif ağaclardan ibarət yaşıllıq zolağı salınıb.

Ərazidə qoyulmuş Qarabağ atı heykəli Qarabağ Atları meydanında yerləşəcək “Qarabağ atları” monumenti kompleksindəki 7 atdan biridir. Təməli dövlətimizin başçısı tərəfindən 2022-ci ilin dekabrında qoyulan kompleks Azərbaycanın Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Kompleksin yaradılması orijinal əsərləri ilə dünyada məşhur olan amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir.