Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib
Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik” mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) həyat və fəaliyyəti ilə bağlı nəşrlərin yer aldığı sərgiyə baxış olub.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə başçısının Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi haqqında sərəncamının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, son illərdə Rəsulzadənin irsini daha dərindən öyrənmək, fəaliyyətini araşdırmaq istiqamətində böyük işlər görülüb.
Ədəbiyyat İnstitutunun müvafiq şöbəsi tərəfindən hazırlanan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının I cildinin Rəsulzadəyə həsr olunduğunu xatırladan İsa Həbibbəyli bu nəşrdə ictimai-siyasi xadimin mühacirətdə olan əsərlərinin bir çoxunun ilk dəfə Azərbaycan ədəbiyyatına təqdim edildiyini söyləyib.
Rəsulzadənin əsərlərini Türkiyədə ilk dəfə çap edənlərdən biri, İzmir Ege Universitetinin kafedra müdiri Yavuz Akpınar “Türkiyə mühitinin Məhəmməd Əmin Rəsulzadəyə təsiri” mövzusunda məruzəsini təqdim edib.
Filologiya elmləri doktoru Abid Tahirli “Məhəmməd Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” mövzusunda məruzə edib. Məruzədə vurğulayıb ki, publisistik, siyasi, ədəbi-tənqidi və elmi əsərləri ilə Azərbaycanın ictimai fikir tarixində parlaq iz qoymuş M.Ə.Rəsulzadənin zəngin irsi haqqında son 30 ildə müxtəlif səpkili tədqiqat əsərləri yazılıb. Rəsulzadənin dövrünün salnaməsi kimi səciyyələndirə biləcəyimiz publisistik yaradıcılığında Cümhuriyyətin görkəmli xadimlərindən Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqaları haqqında məqalələri də mühüm yer tutur. Bu mövzu indiyədək ardıcıl və sistemli tədqiqata cəlb edilməyib.
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd Rəsulzadənin mühacirətəqədərki publisistikası haqqında məruzə edib, eləcə də onun “Azərbaycan şairi Nizami”, “Azərbaycan kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərləri barədə söz açıb.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın “Nizami Gəncəvi Məhəmməd Əmin Rəsulzadənin tədqiqatlarında” mövzusunda məruzəsi də dinlənilib.
Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli çıxışında Rəsulzadənin həm siyasi, həm də elmi və publisistik irsinin daha dərindən təbliğinə ehtiyac olduğunu bildirib.