Azərbaycan tamaşaçılarının ötən əsrin 60-cı illərində çəkilmiş filmlərdən yaxşı tanıdığı Azər Qurbanov otuz il əvvəl mühacirət etdiyi Amerikada, Nyu-Cersi ştatında 69 yaşında vəfat edib.
Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Bakıda 225 saylı orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından musiqiyə maraq göstərib. Anası Xurşid Qurbanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistlərindən idi. O, anasının təkidi ilə kino sahəsinə bağlanır. Hələ iki yaşında ikən onu “Bir məhəllədən iki nəfər” (1957) filmində çəkmişdilər.
Görkəmli rejissor Əlisəttar Atakişiyev 1964-cü ildə lentə aldığı “Sehrli xalat” filminin siması, milyonlarla tamaşaçının, xüsusilə, uşaq və yeniyetmələrin sevimlisinə çevirən Rəşid obrazında onu ekranlara gətirmişdi.
Azər Qurbanov daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.
Filmlərdə yaratdığı obrazlarla parlasa da, musiqi sahəsində ali təhsil almaq arzusunu da gerçəkləşdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Vokal şöbəsindən məzun olub.
Azər Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayıb, fəaliyyət göstərib. O, bir neçə il əvvəl yerli mətbuata müsahibəsində demişdi: “Qayıtmağı çox istərdim, amma indiki yaşımda nəyisə dəyişmək artıq gecdir. Hərçənd ABŞ-də yaxşı yaşayıram, lakin doğma Bakı üçün darıxıram, uşaqlıq illərimi həyatımın ən parlaq səhifəsi hesab edirəm”.
Allah rəhmət eləsin.