Yanvarın 26-da Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə bəstəkar, BMA-nın doktorantı İlahə Qismətin fortepiano üçün yazılmış əsərlərindən ibarət “Rəngli lövhələr” adlı məcmuənin təqdimatı keçiriləcək.
ABİ-nin Ü.Hacıbəyli zalında saat 14:00-da təşkil olunacaq tədbirdə musiqişünas, BMA-nın elmi işçisi Fidan Nəsirova və müəllif əsərlərlə bağlı məruzələrlə çıxış edəcəklər. Məruzələrdən sonra konsert proqramı təqdim olunacaq.
Qeyd edək ki, Bəstəkarlar İttifaqının üzvü, respublika və beynəlxalq müsabiqələr laureatı olan İlahə Qismət “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin sədridir. Əsərləri ABŞ, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail, Gürcüstan və digər ölkələrdə səsləndirilib. O, eyni zamanda “Dədə Qorqud” və “Dəmir yumruq” baletlərinin müəllifidir.