AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının yeni ildə ilk yığıncağı keçirilib.
İclasda institutun elmi katibi dosent Əzizağa Nəcəfzadə şura üzvlərini 2024-cü il üçün elmi-tədqiqat işləri, nəşriyyat, elmi-kütləvi və mədəni tədbirlərin planları ilə tanış edib. Şura üzvlərinin müzakirəsindən sonra plan işləri təsdiqlənib.
Daha sonra “Elektron Əlyazmalar İnstitutu” məlumat bazası Elmi şura üzvlərinə təqdim olunub. İnstitutun Elektron xidmətlər şöbəsinin müdiri dosent Ə.Nəcəfzadə çıxışında “Vikipediya”nın Azərbaycan dilində materiallarla zənginləşdirilməsi, elmi məqalələrin Rəqəmsal Obyekt İndentifikatoru (DOİ) ilə təmin edilməsi, müəssisənin rəsmi saytı və sosial şəbəkə profillərinin fəaliyyətinə müntəzəm diqqət yetirilməsi, elmi jurnalların elektron versiyalarının beynəlxalq platformalarda, ilkin olaraq da Türkiyənin TUBİTAK, ULAKBİM, “Dərgi Park”, “TRDiz”in bazalarına daxil edilməsi və təbliği istiqamətində görüləcək işlərin vacibliyi barədə danışıb.
İclas çərçivəsində Əlyazmalar İnstitutunun əmək təqaüdünə çıxan iki əməkdaşına – böyük elmi işçilər Samirə Gəncəli və Ruhəngiz İmanovaya uzun illər səmərəli elmi və ictimai fəaliyyətlərinə görə institutun fəxri fərmanı və təşəkkürnaməsi təqdim olunub.