Yanvarın 23-də Mətbuat Şurasında “Ədalət” qəzetinin baş redaktor müavini, Əməkdar jurnalist, şair Əbülfət Mədətoğlunun 65 illik yubileyi qeyd olunub.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Əbülfət Mədətoğlu müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. O, peşəkar jurnalist fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Şura sədri yubilyar qələm sahibinin şeirlərinin ecazkar duyğulara kökləndiyini bildirib, bu nümunələrin özünə geniş oxucu auditoriyası topladığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Ə.Mədətoğlunun yaradıcılığında sənədli povestləri özünəməxsus yer tutur. Eyni zamanda müəllifin şeirlərinə tanınmış bəstəkarlar tərəfindən musiqilər yazılıb.
R.Məcid yubilyara Mətbuat Şurasının diplomunu təqdim edib, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Ə.Mədətoğlunu jurnalistika ilə bədii yaradıcılığın uğurlu sintezinə nail olmuş söz adamı kimi xarakterizə edib.
Şairə Kəmalə Abıyeva Mətbuat Şurasının idarə heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, qazi, ehtiyatda olan polkovnik Mirqiyas Seyidsoylu və başqaları Ə.Mədətoğlunun yaradıcılığıq yolundan və jurnalist kimi fəaliyyətindən bəhs ediblər.
Sonda çıxış edən Ə.Mədətoğlu jurnalist fəaliyyətinə, yaradıcılığına verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.