Azərbaycan

 

27 yanvar 1806 – Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Fransız dilində yazdığı “Rəşid bəy və Səadət xanım” povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.

27 yanvar 1903 – Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə Bakıda xanəndə və instrumental ifaçıların iştirak etdiyi böyük “Şərq konserti” təşkil edilib. Bu, Azərbaycanda filarmonik fəaliyyətin ilk tədbiri sayılır. Ondan əvvəl belə konsertlər Şuşada  (1901) və Bakıda (1902) təşkil edilsə də, daha çox muğam üçlüyü formatında olmuşdu.

27 yanvar 1906 – Görkəmli tarixçi Sara Balabəy qızı Aşurbəyli (1906 – 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.

27 yanvar 1912 – Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 – 7.9.1990) anadan olub.

27 yanvar 1932 – Əməkdar artist, tanınmış nağara ifaçısı Çingiz Həsənbala oğlu Mehdiyev (1932-1992) Bakıda anadan olub.

27 yanvar 1939 – Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Məmmədəli oğlu Nəsibov (1939 – 14.9.2017) Qazax rayonunda doğulub. “Yeddi oğul istərəm” filmində (aşıq) çəkilib.

27 yanvar 1939 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 – 18.5.2010) anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Xoşbəxtlik qayğıları”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

27 yanvar 2014 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (2.7.1953 – 2014) vəfat edib. “Dan ulduzu” ansamblının solisti, “Laçın” instrumental ansamblının rəhbəri olub.

27 yanvar 2022 – Tanınmış teatrşünas, rejissor Şaiq Cabir oğlu Səfərov (18.12.1954 – 2022) vəfat edib. Müxtəlif teatrlarda çalışıb, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində yaxından iştirak edib. 

 

28 yanvar 1908 – Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Boris İsaakoviç Zeydman (1908-1981) Peterburqda anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Bakıya gəlib, Dövlət Konservatoriyasında dərs deyib (1940-60). Bakıda “Maskarad”, “Ağıldan bəla” operalarını, “Qızıl açar” baletini yazıb.

28 yanvar 1923 – Azərbaycan Yazıçılar Birliyinin orqanı – “Maarif və mədəniyyət” jurnalı (redaktor Tağı Şahbazi Simurq) nəşrə başlayıb. Sonrakı illərdə “İnqilab və mədəniyyət”, “Revolyusiya və kultura” və s. adlarla çıxıb. 1953-cü ildən “Azərbaycan” adlanır.

28 yanvar 1925 – Şair, dramaturq, tərcüməçi, teatrşünas Adil Qafar oğlu Babayev (1925 – 19.8.1977) Naxçıvanda anadan olub. “Dağlar qızı”, “Qız görüşə tələsir” və s. pyeslərin müəllifidir.

28 yanvar 1980 – Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 – 1980) vəfat edib.

28 yanvar 1985 – SSRİ Xalq artisti, görkəmli teatr rejissoru, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918 – 1985) vəfat edib. Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib.

28 yanvar 2015 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5.6.1939 – 2015) vəfat edib. “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri” və s. pyeslərin müəllifidir. Milli Məclisi deputatı (2000-2010) olub.

28 yanvar 2019 – Prezident İlham Əliyev Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

29 yanvar 1926 – Xalq artisti, sirk ustası, jonqlyor, illüzionist Xosrov Abdulla oğlu Abdullayev (1926 – 31.3.1980) Şamaxıda anadan olub. “Uşaqlığın son gecəsi”, “O qızı tapın” və s. filmlərdə çəkilib.

29 yanvar 1927 – Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927 – 20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet artisti olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, tədris ocağına rəhbərlik edib.

29 yanvar 1938 – Xalq artisti, mahir qoboy ifaçısı Kamil Cəlil oğlu Cəlilov (1938 – 23.2.2022) Bakının Buzovna kəndində doğulub. Niyazi adına simfonik, S.Rüstəmov və Ə.Bakıxanov adına xalq çalğı alətləri, “Dan ulduzu” instrumental ansambllarının solisti olub.

29 yanvar 2011 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (18.2.1947 – 2011) vəfat edib. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

29 yanvar 2016 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (26.1.1933 – 2016) vəfat edib. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

 

30 yanvar 1920 – Əməkdar incəsənət xadimi, kinooperator Teyyub Mirzəhəsən oğlu Axundov (1920 – 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

30 yanvar 1935 – Əməkdar rəssam Gennadi Demyanoviç Brijatyuk (1935 – 11.6.2008) Gəncə şəhərində anadan olub. Yaradıcılığında gül təsvirləri, Abşeronla bağlı peyzajlar, qadın portretləri daha çox yer tutur.

30 yanvar 1936 – Əməkdar rəssam Əli Verdiyev (1936 – 8.5.2020) Lənkəranda anadan olub. Portret, mənzərə, natürmort və digər janrlarda əsərlərin, çoxfiqurlu tabloların müəllifidir: “Babəkin savaşı”, “Hüseyn Cavid”, “Qızıl toy” və s.

30 yanvar 1936 – Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 – 4.11.1990) anadan olub.

30 yanvar 1948 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (1948 – 8.10.2010) Bakıda doğulub. Akademik Musiqili Teatrda, Mahnı Teatrında çalışıb.

30 yanvar 1943 – Tanınmış aktyor Ələsgər Əli oğlu İbrahimov (1943 – 10.3.1983) anadan olub. “İnsan məskən salır”, “Yeddi oğul istərəm”, “Torpaq. Dəniz. Od. Səma” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

30 yanvar 1998 – Prezident Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

27 yanvar 1756 – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart; 1756 – 5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yаşındаn musiqi bəstələməyə bаşlаyıb. Almаn dilində ilk оpеrаnın (“Hərəmхаnаdаn qаçırılmа”), müхtəlif аlətlərlə оrkеstr üçün 40-а yахın əsərin müəllifidir.

27 yanvar 1775 – Alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling; 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.

27 yanvar 1832 – İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll – əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa Möcüzələr ölkəsində”, “Alisa Əyri güzgülər ölkəsində”) müəllifidir.

 

28 yanvar 1912 – Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock; 1912-1956) anadan olub.

 

29 yanvar 1860 – Rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (1860 – 15.7.1904) anadan olub. “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, ” Üç bacı” pyeslərinin, povest və hekayələrin müəllifidir.

29 yanvar 1866 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915) Romen Rollan (Romain Rolland; 1866 – 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton” pyesləri və s.

 

30 yanvar 1720 – İtalyan rəssam, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.

30 yanvar 1923 – SSRİ Xalq artisti, kinorejissor Leonid Qayday (1923 – 19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) müəllifidir.

30 yanvar 1928 – Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown; 1928-2006) anadan olub.

Hazırladı: V.Orxan