“Təsviri sənətdə Heydər Əliyev obrazı” kitabı haqqında düşüncələr
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusudur. Bu məlum həqiqət özünü yüksəlişimizin bütün sahələrində daim göstərməkdədir. Ulu öndərin layıqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət günümüzün reallığına çevrilmiş bu inkişafı şərtləndirir. Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi bunun parlaq təzahürüdür. Bütün bunların əsasında isə Heydər Əliyevin böyük uzaqgörənliklə təməlini qoyduğu müdrik dövlətçilik siyasəti dayanır.
Təsadüfi deyil ki, elm və sənət adamları, mədəniyyət xadimləri Heydər Əliyevin şəxsiyyətini daim öyrənir, bu böyük vətən övladının ədəbi və bədii obrazını yaradır, onu dərindən tədqiq edirlər. Yola saldığımız 2023-cü ildə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadənin və institutun elmi işlər üzrə direktor müavini Xəzər Zeynalovun birlikdə yazdıqları “The image of Heydar Aliyev in fine art” (“Təsviri sənətdə Heydər Əliyev obrazı”) kitabı bu sıradan olan dəyərli tədqiqat əsərlərindən biridir. Kitabda Ulu öndər Heydər Əliyevin Azərbaycan və xarici rəssamlar tərəfindən yaradılmış rəngkarlıq və qrafik portretləri, monumental və dəzgah heykəlləri, dekorativ-tətbiqi sənətdəki obrazları toplanmış və təhlil edilmişdir.
Kitabın ön sözünün müəllifi AMEA-nın prezidenti akademik, millət vəkili İsa Həbibbəyli, elmi redaktoru ustad sənətkar, heykəltaraşlıq sənətimizin canlı əfsanəsi, akademik Ömər Eldarovdur. Kitaba AMEA-nın müxbir üzvü professor Rəna Məmmədova və Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, RF-nin Əməkdar rəssamı Leyla Xasyanova rəy vermişlər.
Hələ 2019-cu ildə müəlliflər kitabı Azərbaycan və rus dillərində hazırlayaraq onu Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr etmişdilər. Aradan keçən müddət ərsində müəlliflər Heydər Əliyevin rəssamlar tərəfindən yaradılmış yeni portretlərini toplamış, tədqiqatı genişləndirmiş və onu nəfis şəkildə 2023-cü ildə – Ulu öndərin 100 illiyi münasibətilə ingilis dilində nəşr etdirmişlər. Kitabın ingilis dilində olması mühüm prinsipial şərtdir. Bu, əsərin oxucu dairəsini genişləndirərək dünyanın istənilən yerində onunla tanışlıq imkanı yaradır, dahi azərbaycanlının bədii obrazı haqqında planetimizin sakinlərinə dəqiq məlumatlar çatdırır. Əlbəttə, bu cəhət hazırkı nəşrin vacib xüsusiyyətlərindən biridir.
Mən hər iki müəllifin kitab üzərində necə diqqətlə, uzun müddət çalışmasının, gərgin iş aparmasının şahidiyəm. Bizim aramızda səmimi ünsiyyət, əməkdaşlıq münasibətləri mövcuddur və iş prosesində onlar mənə müraciət edərək bu və ya digər əsər haqqında məlumatlar toplayırdılar. Buna görə də kitabın ciddi zehni əməyin bəhrəsi olması, buradakı materialların dürüstlüyü və əhəmiyyəti barədə əminliklə danışa bilərəm. Eşidəndə ki, sözügedən əsərin Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması təşəbbüsü irəli sürülüb, düzü, çox məmnun oldum. Çünki, deyildiyi kimi, kitabla tanış idim və onun necə dəyərli olduğunu bilirdim.
Kitab giriş, üç fəsil, nəticə və ədəbiyyatdan ibarətdir. Kitabdakı çoxlu sayda bədii əsər fotoları da təhlilə cəlb edilən nümunələr barədə oxucuda aydın vizual təsəvvür yaradır.
Girişdə tədqiqatın xarakteri barədə məlumat verilmiş, onun məqsəd və vəzifələri diqqətə çatdırılmışdır.
Birinci fəsildə Heydər Əliyevin rəngkarlıq və qrafikada yaradılmış bədii obrazları təhlilə cəlb edilmişdir. Qeyd olunduğu kimi, həm Azərbaycan, həm də xarici ölkə rəssamlarının bu mövzuda çoxlu sayda portret və tematik tabloları vardır. Ulu öndərin Tahir Salahov, Oqtay Sadıqzadə, Arif Hüseynov, Oleq İbrahimov, Tariyel Əhmədov, Sakit Məmmədov, Rafael Abbasov, Hüseynqulu Əliyev, Ülviyyə Həmzəyeva, İlham Mirzəyev, Eldar Zeynalov, Fikrət Babayev, Günay Mehdizadə, rus rəssamı Nikas Safronov, türk rəssamı Tamer Tuğrul, Vyetnam rəssamı Van Duonq Thanq və başqaları tərəfindən yaradılmış obrazları kitabda öz əhatəli bədii təhlilini tapmışdır. Qeyd edilmişdir ki, bu əsərlərdə Heydər Əliyevin nəcib, insani siması onun dövlət rəhbərinə xas olan möhkəm iradəsi, müdrik siyasətçi keyfiyyətləri ilə qarşılıqlı surətdə əlaqələndirilmişdir.
İkinci fəsildə Heydər Əliyevin heykəllərindən bəhs olunur. Müəlliflər qeyd edir ki, bu əsərlər müasir Azərbaycan və dünya heykəltaraşlığında yeni səhifə açmışdır. Ömər Eldarov, Natiq Əliyev, Fuad Salayev, Salxab Məmmədov, Şərif Şərifov, Cavanşir Dadaşov, rus heykəltaraşları Salavat Şerbakov, Mixail Nogin, Yan Neyman, əslən Bakıdan olan ABŞ heykəltaraşı Sergey Eylanbekov və başqaları Heydər Əliyevin zəngin plastikaya, yüksək dinamikaya malik, tamaşaçıda böyük təəssürat yaradan obrazlarını yaratmışlar.
Kitabın üçüncü fəslində Heydər Əliyevin dekorativ-tətbiqi sənətdə yaradılmış obrazlarından danışılır ki, burada xalça sənəti, təbii ki, daha üstün təsir bağışlayır. Bu fəsildə Azərbaycanın mahir xalça ustaları – Kamil Əliyev, Eldar Mikayılzadə, Tahir Məcidov və başqalarının əsərlərindən söz açılır. Qeyd olunur ki, Ulu öndərin obrazının xalça üzərində toxunması bu qədim sənətin yeni bədii-estetik keyfiyyətlər qazanmasına yardım edir.
Üçüncü fəsildə, həmçinin dekorativ-tətbiqi sənətin digər növlərində hazırlanmış bədii sənətkarlıq nümunələrindən bəhs olunur. Qocaman sənətkar Məmməd İbrahimovun bədii metal, minasazlıq texnikasında yaratdığı “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” miniatür kompozisiyası, Ədalət Elmanın Heydər Əliyevin portretini profildən əks etdirən daş qabartması buna misal ola bilər. Ulu öndərin güllərdən, fleş-mob texnikasında düzəldilmiş portretləri qeyri-adi görünüşü ilə diqqəti cəlb edir və yaddaşlara həkk olunur.
Nəticədə tədqiqatın əsas müddəaları yekunlaşdırılır.
Sözügedən kitab təsviri sənətdə Heydər Əliyev obrazına həsr edilmiş yeganə irihəcmli araşdırmadır. Heydər Əliyevin 100 illiyi münasibətilə nəşr olunmuş belə bir araşdırmanın mədəni və ictimai həyatımızda böyük əhəmiyyətə malik olması şübhəsizdir. Ulu öndərin fərqli bədii obrazlarının, onun insani keyfiyyətlərinin yeni-yeni çalarlarının məntiqi təhlillər vasitəsilə üzə çıxarılması, əlbəttə ki, həm sənətşünaslıq elmi, həm də təsviri sənət baxımından çox qiymətlidir.
Ağaəli İbrahimov
Xalq rəssamı, professor, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini