ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb

 

Dünyada sülhün bərqərar olması səylərinin əsasını təşkil etmək məqsədilə təhsilin inkişafını dəstəkləmək üçün beynəlxalq resursların ayrılması zəruri amildir.

Bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) 24 yanvar – Beynəlxalq Təhsil Günü ilə əlaqədar müraciətində deyilir.

Müraciətdə təhsilin birgəyaşayış, tolerantlıq və şəffaflıq dəyərlərinin möhkəmlənməsində, nifrət ritorikası ilə mübarizədə mühüm rolunu xatırladıb. Təşkilat həmçinin sülhə, təhlükəsizliyə və hamı üçün ləyaqətli həyat tərzinə nail olmaq, ayrı-seçkiliyin, marginallaşmanın və irqçiliyin bütün təzahürlərini rədd etmək, müharibələrə və silahlı münaqişələrə son qoymaq, sülhün bərqərar olması istiqamətində işləmək üçün beynəlxalq fəaliyyətə ehtiyac olduğunu bir daha təsdiqləyib.

Müraciətdə vurğulanır ki, bu il əlamətdar gün “Daimi sülh üçün öyrənmə” mövzusuna həsr olunub: “ICESCO hər kəsin, xüsusən də silahlı münaqişələr, işğal və böhranlardan təsirlənən qaçqınlar, məcburi köçkünlər və həssas qrupların təhsil hüququnu qorumaq istiqamətində səy göstərir”.