“Bu əsərlərdə gürcü ruhu, gürcü ənənələri və gürcü qonaqpərvərliyi əksini tapıb”

 

Yanvarın 24-də Heydər Əliyev Mərkəzində görkəmli gürcü rəssam Lado Qudiaşvilinin əsərlərindən ibarət sərgi açılıb.

Sərgi Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Gürcüstanın Azərbaycandakı Səfirliyi və Lado Qudiaşvili Fondunun dəstəyi ilə təşkil olunub.

Tədbirdən əvvəl Lado Qudiaşvili Fondunun nümayəndəsi, rəssamın nəticəsi Elizabed Lordkipanidze jurnalistlərə müsahibəsində bildirib ki, fərdi sərgidə rəssamın Paris dövründən həyatının sonunadək yaratdığı əsərlər təqdim olunub. Həmçinin onun qrafika və rəsm əsərləri nümayiş etdirilir.

O, Heydər Əliyev Mərkəzi və Lado Qudiaşvili Fondu arasında əməkdaşlığın əhəmiyyətini, babasının Azərbaycan xalqı ilə xüsusi münasibətləri olduğunu diqqətə çatdırıb, sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edilib ki, rəssamın əsərləri Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov diqqətə çatdırıb ki, sərgidə nümayiş olunan əsərlər Lado Qudiaşvilinin ailəsinin şəxsi mülkiyyətindəndir. Fırça ustasının seçilmiş rəsmləri janrlar üzrə bölünərək sərgilənir. F.Novruzov sərginin ərsəyə gəlməsinə görə Lado Qudiaşvili Fonduna və Gürcüstanın Azərbaycandakı Səfirliyinə təşəkkürünü ifadə edib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında hər zaman dostluq, qardaşlıq münasibətlərinin olduğunu qeyd edib: “Bizim əlaqələrimiz həm siyasi, həm iqtisadi sahələrdə uğurla inkişaf edir, humanitar, mədəni əlaqələri xüsusi qeyd etmək istərdim”.

Səfir bildirib ki, ötən ilin sonlarında Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin iştirakı ilə Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub. Bu yaxınlarda Gəncə şəhərində görkəmli gürcü şairi Nikoloz Barataşvilinin xatirə lövhəsi açılıb. Qax Gürcü Dövlət Dram Teatrına  yazıçı İlya Çavçavadzenin adı verilib.

Diplomat sərginin üç ay davam edəcəyini, ziyarətçilərin bu sərgidən zövq alacaqlarını vurğulayıb: “Lado Qudiaşvilinin əsərlərində gürcü ruhu, gürcü ənənələri və gürcü qonaqpərvərliyi öz əksini tapıb”.

Səfir sərginin təşkilinə görə Lado Qudiaşvili Fonduna, Gürcüstanın Dövlət Muzeyinə, Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığını ifadə edib.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Lado Qudiaşvilinin yaradıcılığından söz açaraq deyib ki, Lado çox kiçik yaşlarından rəsm çəkməyə başlayıb, onun sənəti indiyədək hamını heyran edir.

Lado Qudiaşvili Fondunun təsisçisi Anna Meliva Azərbaycan dövlətinə və bu sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bakı Xoreoqrafiya Akademiyasının məzunlarının ifasında gürcü rəqsi nümayiş olunub.

Lado Davidoviç Qudiaşvili (1896–1980) məşhur rəngkar, qrafik, monumentalist rəssamdır. Əsərləri dövrün ideologiyası və sosialist realizmindən xeyli uzaq olsa da, “SSRİ-nin Xalq rəssamı”, “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görülüb.

Bakı sərgisində müəllifin qrafik işlərini də qeyd etmək lazımdır. Bunların sırasında səhnə üzü görməyən baletin kostyumları üçün çəkilmiş eskizlər də var. Lado Qudiaşvilinin ilk sərgisi 19 yaşında olarkən Tbilisidə açılıb və onu sənət aləmində məşhurlaşdırıb.

Əfsanəvi gürcü rəssam Niko Pirosmani Lado Qudiaşvilinin kumiri olub. O, bir neçə dəfə rəsm əsərlərində Niko Pirosmani obrazına müraciət edib. Rəssam Avropada da şöhrət qazanıb. O, xüsusilə altı ilə yaxın (1919-1925) yaşadığı Parisin incəsənət aləmində yaxşı tanınıb. Dövrün məşhur rəssamları Mark Şaqal, Pablo Pikasso, şairlər Vladimir Mayakovski, Sergey Yesenin ilə ünsiyyəti yaratdığı əsərlərə özünəməxsus iz qoyub. Gürcü modernizminin və Tbilisi avanqard hərəkatının banilərindən biri sayılan rəssam əsərlərindəki personajların simasında özünü emosiyaların sonsuz çeşidini ustalıqla canlandıran diqqətli müşahidəçi və psixoloq kimi də təsdiq edir.

Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisini aprelin 24-dək izləmək mümkün olacaq.