“Şahdağ”da yapon mütəxəssislərin ustad dərsləri

 

Qış idmanının inkişafı və xizək fristaylının moqul növünün Azərbaycanda təbliği məsələləri yanvarın 24-də Dövlət Turizm Agentliyinin (DTA) sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevlə Yaponiyanın moqul mütəxəssisi Jiro Miyamotonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

Azərbaycanda qış idman növlərinin inkişafına xüsusi diqqət ayrıldığını deyən Fuad Nağıyev DTA-nın tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası tərəfindən dağ xizəyinin “Slalom”, “Giqant slalom” və “Super-G” növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün sertifikat verildiyini diqqətə çatdırıb. Mərkəzdə moqul yarışlarının təşkili üçün də lazımi infrastrukturun olduğunu deyən Fuad Nağıyev bildirib ki, “Şahdağ” bu formatlı yarışları keçirmək hüququ əldə etmək üçün qarşılıqlı əməkdaşlığa hazırdır.

2023-cü ildə “Şahdağ” Turizm Mərkəzində həm xizək həvəskarları, həm də təlimçilər üçün moqul üzrə ustad dərslərinin keçirildiyini bildirən Jiro Miyamoto Azərbaycanda bu idman növünün tanıdılması, xizəkçilər arasında marağın artırılması istiqamətində dəstək göstərməyə hazır olduqlarını deyib.

Xizək fristaylının moqul növü 1988-ci ildə (Kalqari, Kanada) Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiada proqramında ekstremal idman növlərindən sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupestayl və big air kimi növləri də var.

Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə ötən il “Şahdağ” Turizm Mərkəzində xizək fristaylının moqul növü üzrə ilk ustad dərsləri keçirilib. Yanvarın 27-28-də “Şahdağ”da səfirliyin dəstəyi ilə bu növ üzrə növbəti ustad dərsi təşkil ediləcək.